İki ayda qida məhsullarının istehsalında dinamika necə olub? - Statistika
2026-cı ilin yanvar-fevralında Azərbaycanda qida məhsullarının istehsalı üzrə bəzi sahələrdə artım, digərlərində isə azalma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə kolbasa məmulatlarının istehsalı 5 478,6 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur.
Duru bitki yağlarının istehsalı 9 391,4 ton olub və bu göstərici illik müqayisədə 30,2% artım deməkdir.
Qaymaq və xama istehsalı da 1 664,9 ton olmaqla 10% yüksəlib.
Eyni zamanda, bəzi məhsul kateqoriyalarında azalma qeydə alınıb.
Meyvə və tərəvəz şirələrinin istehsalı 589,1 min dekalitr olmaqla 15,2% azalıb. Meyvə-tərəvəz konservləri üzrə istehsal 23 410,8 ton təşkil edib və bu sahədə də 15,2% geriləmə müşahidə olunub. Marqarin istehsalı isə 5 816,4 ton olmaqla 42,8% azalıb.
Süd məhsulları üzrə göstəricilər qarışıq olub. Kərə yağı istehsalı 3 882,9 ton təşkil edib və bu sahədə 10% azalma qeydə alınıb.
Pendir və kəsmik istehsalı isə 8 436,9 ton olmaqla 2,8% azalıb.
Unlu qənnadı məmulatlarının istehsalı 11 723,2 ton təşkil edib və illik müqayisədə 2,4% artım müşahidə olunub.
2026-cı il martın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında ən çox hazır məhsul ehtiyatı meyvə-tərəvəz konservləri (18 247,8 ton) üzrə qeydə alınıb. Ən aşağı ehtiyat isə qaymaq və xama (1,2 ton) üzrə olub.
Gülnar Nazimqızı