Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib
Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər təşkil olunub.
Müdafiə Nazirliyinin təsdiq etdiyi illik tədbirlər planına əsasən keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi heyətə dövlət başçısının və müdafiə nazirinin bayram təbrikləri çatdırılıb. Çıxışlarda Novruz və Ramazan bayramlarının milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğu, xalqımızın bu ənənələrə sadiqliyi vurğulanıb.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bayram şənliklərində iştirakı və təbrikləri şəxsi heyətdə yüksək ruh yüksəkliyi yaradıb.
Tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub, xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Həmçinin bayram günlərində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkərək onların qayğı və ehtiyacları ilə maraqlanıblar, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlət tərəfindən şəhidlərin xatirəsinin daim uca tutulduğu və onların ailələrinin yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi vurğulanıb.