Azərbaycanlı tələbə Imperial College London-a qəbul olunub
ADA Universiteti-nin beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nübar Cəbrayıl Böyük Britaniyanın Imperial College London ali məktəbinə qəbul olub.
O, Ətraf Mühit Texnologiyaları proqramı çərçivəsində Ətraf Mühit İqtisadiyyatı və Siyasəti ixtisası üzrə təhsil alacaq. Proqram universitetin Təbiət Elmləri Fakültəsinə daxildir və Ətraf Mühit Siyasəti Mərkəzi tərəfindən təklif olunur.
Məlumata görə, N.Cəbrayıl Bakı Oksford Məktəbi məzunudur və ADA Universitetini fərqlənmə ilə bitirir. O, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi daxil olmaqla bir sıra qurumlarda təcrübə keçib.
Tələbə Fransada siyasi elmlər üzrə təhsil alıb və tədqiqatını 2025-ci ildə XI ICCEES World Congress çərçivəsində University College London-da təqdim edib.
Beş dil bilən N.Cəbrayılın IELTS nəticəsi 9 üzərindən 8,5 təşkil edir. O, gələcəkdə Azərbaycanın ətraf mühit iqtisadiyyatı sahəsində tədqiqat aparmağı planlaşdırır.