Yağış dayanıb, amma məktəbin ətrafı hələ də suyun içində qalıb - Şikayət/Video
Ramana qəsəbəsində yerləşən 296 saylı məktəbin ətrafı güclü yağışlardan sonra su altında qalıb.
Valideynlər anews.az-a göndərdikləri videoda bildiriblər ki, uşaqlar məktəbə çətinliklə gedir və aidiyyəti qurumlar hələ tədbir görmür.
Vətəndaşlar həmçinin bildirir ki, məktəb ətrafında olan evlər də su altında qalıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
"Normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya və yağış kollektorlarının olmadığı ərazilərdə özünü göstərir. Bu kimi ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunur, o cümlədən evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Hazırda da sukanal idarələri güclü yağışlardan sonra baş verən subasma hallarını aradan qaldırmaqla məşğuldurlar", - açıqlamada deyilir.
Fövqəlada Hallar Nazirliyindən isə bildirilib ki, ərazidə suyun çəkilməsi ilə bağlı işlər nazirliyin deyil, yerli icra hakimiyyəti strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.
Gülnar Nazimqızı