Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
Aprelin 2-si dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Hazırda dünyada 4 uşaqdan 1-i minimum oxu bacarıqlarına malik deyil. 272 milyon uşaq və yeniyetmə ümumiyyətlə məktəbdən kənardadır. Əhalinin təxminən 40%-i öz ana dilində təhsilə və kitablara çıxışdan məhrumdur.
Bəs Azərbaycanda uşaqların kitaba marağı necədir?
Milli məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanda əvvəlki illərlə müqayisədə mütailəyə, oxumağa marağın artdığı müşahidə edilir.
"Bir neçə istiqamətdə işlər görülməlidir. İlk növbədə, valideynlər övladları ilə birlikdə kitab oxumağa çalışmalı, mütaliə üçün xüsusi vaxt ayırmalıdırlar. Uşaqlar üçün ən əsas nümunə valideynlərdir. Bununla yanaşı, məktəblərdə də bu istiqamətdə məqsədyönlü işlər aparılmalıdır. Cəmiyyətdə oxu mədəniyyətinin təşviqi üçün təbliğat gücləndirilməlidir. Bu maraq və meyli formalaşdıra bilsək, nəticələr daha müsbət olacaq",- o bildirib.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirir ki, Azərbaycanda uşaq ədəbiyyatına maraq çoxalıb.
"Uşaq ədəbiyyatı nəşr edən nəşriyyatların sayı artır və bu, təqdirəlayiq haldır. Uşaq yazıçılarının da artacağına inanıram. Bu sahəyə maraq əvvəlki illərlə müqayisədə daha çoxdur və hazırda keyfiyyətli nəşr olunan kitablar mövcuddur",- o vurğulayıb.
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, hazırda uşaqlar kitablardan çox texnoloji alətlərə önəm verirlər.
"Təəssüf ki, uşaqlar daha çox vaxtlarını texnoloji alətlərə sərf etməyə üstünlük verirlər. Daha məqsədəuyğun olar ki, onların istifadə etdiyi bu cihazlara PDF formatında kitablar və elektron dərsliklər yüklənsin. Bu, onlarda kitaba marağın formalaşmasına kömək edə bilər. Həm valideynlər, həm də müəllimlər mütaliəni təşviq edən addımlar atmalı, uşaqları həvəsləndirən təkliflər irəli sürməlidirlər. Məsələn, valideynlər müəyyən mükafatlandırma üsullarından istifadə edə, uşaqlarda maraq yaradan cəlbedici təşviqlər təqdim edə bilərlər. Kitab oxuma vərdişinin əsası erkən yaşlardan qoyulmalıdır. Bu baxımdan, ibtidai siniflərdən başlayaraq uşaqlara kitabları sevdirmək vacibdir",- o vurğulayıb.
Son statistikalara görə, qlobal uşaq ədəbiyyatı bazarının həcmi təxminən 12 milyard dollar təşkil edir.
Son illərdə uşaqlar arasında oxuya maraq azalır, bəzi ölkələrdə uşaqların yalnız təxminən 20%-i hər gün mütaliə edir. Araşdırmalar göstərir ki, ekran vaxtının artması oxu vərdişlərini zəiflədir.
Beynəlxalq Uşaq Kitabı Günü danimarkalı yazıçı, məşhur nağılçı Hans Christian Andersenin doğum gününə təsadüf edir. Günün təsis olunması ideyası alman yazıçısı Jella Lepman tərəfindən irəli sürülüb və 1967-ci ildə International Board on Books for Young People tərəfindən rəsmiləşdirilib.
Aytac Zeynalova