Təhsil Şurası İB hicab manipulyasiyasını pislədi
Təhsil Şurası İctimai Birliyi ölkədə sabitliyi, tolerantlıq mühitini və milli-mənəvi dəyərləri hədəf alan, "hicab" mövzusunun manipulyasiya edilərək ictimai-siyasi gərginlik yaratmaq cəhdlərindən narahatlığını ifadə edib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan konstitusion prinsiplərə əsaslanan dünyəvi və sivil dövlətdir, lakin dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət etmək yolverilməzdir.
Bəyanatda xarici maliyyə resursları və layihələr vasitəsilə ictimai sabitliyi pozmağa yönəlmiş addımların uğursuzluğa məhkum olduğu vurğulanıb.
Təhsil ocaqlarının siyasi intriqalar meydanına çevrilməməli olduğunu bildirən ictimai birlik, xarici donorları və onların yerli tərəfdaşlarını daxili işlərə müdaxilədən çəkinməyə, eləcə də təhsil ictimaiyyətini və valideynləri milli həmrəyliyi və dövlətçilik maraqlarını qorumağa çağırıb.
Təhsil Şurası dövlət qurumu deyil. Bu, təhsil sahəsində çalışan şəxslərin yaratdığı qeyri-hökumət təşkilatı — ictimai birlikdir. Mətbuatda verilən məlumata görə, birlik 2026-cı il mayın 4-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, sədri professor Hikmət Əlizadə seçilib.
N.Təbrizli