Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi və keçiriləcəyi yer dəqiqləşib. "Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, dövlət başçıları gələn həftə İsveçrənin Cenevrə şəhərində bir araya gələcəklər. Bu barədə məlumatı Ermənistanın hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan verib.
5 rayonun qaytarılması məsələsi masada
Görüşə ümidlər böyükdür. Ekspertlər 5 rayonun Azərbaycana qaytarılması məsələsinin geniş müzakirə olunduğu və bunun üçün müəyyən detalların üzə çıxdığı vaxt, prezidentlər arasında gözlənilməz görüşün baş tutmasını təsadüfi hesab etmirlər. Ehtimal olunur ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli və ilk mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ilkin mərhələnin hər iki tərəfi razı salacaq şərtləri müzakirə predmeti olacaq.
Moskvadan İrəvana təzyiq
Bir sıra diplomatik mənbələr Ermənistan tərəfinin 5 rayonun qaytarılması üçün masaya qoyulacaq sənədə razı olacağını istisna etmirlər. Ermənistanın masada geriyə dönüşü olmayan nöqtədə dayanacağı, Rusiyanın son zamanlarda bununla bağlı işğalçı üzərində təzyiqləri artırmasıyla əlaqələndirilir. Qeyd edək ki, 5 rayonun Azərbaycana qaytarılması məsələsi Rusiya Xarici İşlər Nazirliyi (XİN) və Kremlə yaxın siyasi dairələr tərəfindən son 1 ayda 5 dəfə gündəmə gətirilib. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovadan sonra Kremlin baş ideoloqlarından biri, politoloq Aleksandr Duqin də bu ehtimalı istisna etrməyib. Duqin son çıxışlarından birində açıq formada vurğuladı ki, Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur: "Lakin Rusiya da bu münaqişədə vasitəçi kimi iştirak edir. Bu gün status-kvo bizi qane etmir və mənə elə gəlir ki, hazırkı status-kvo tərəflərin özlərini də qane etmir. Ermənistan Qarabağa nəzarət edir, lakin həm Rusiya, həm də dünya birliyi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Problemin hərbi yolla həlli yoxdur. Lakin biz irəli getməli olduğumuz ana yaxınlaşmışıq. Bəli, Ermənistan Rusiyanın dostu, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələrin hərbi sahə də daxil olmaqla, yaxınlaşması prosesi gedir. Lakin Azərbaycanla dostluq Ermənistana qarşı deyil. Bu belə və ya əksinə qəbul oluna bilməz. Qarabağ münaqişəsinin nizamlanması yolu? Ermənistan, şübhəsiz Azərbaycana işğal olunan beş rayonu qaytarmalıdır. Təkrar edirəm, biz irəli getməliyik”.
Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, prezidentlərin görüşündə 5 rayonun qaytarılması əsas müzakirə predmeti olacaq. Q.Hüseynli bu istiqamətdə irəliləyişin olacağını istisna etməyib:
"Putin bildirmişdi ki, prezidentlər arasında görüş gələn ilin mart ayınadək təxirə salınsın. Lakin gözlənilmədən prezidentləri görüşdürmək qərarına gəldilər. Hər halda görüşün belə tezliklə baş tutacağı gözlənilmirdi. İstənilən halda isə 5 rayonun Azərbaycana qaytarılması ehtimalı realdır. Lakin buna əngəl olan əsas məsələ, Qarabağın statusu ilə bağlıdır. Ermənilər istəyirlər ki, ətraf rayonlar qaytarılmadan Qarabağa status verilsin. Əgər bu baş versə, Azərbaycanın xeyrinə olmayan vəziyyət yarana bilər. İnanmıram ki, bunu nəzərə alan Azərbaycan ermənilərin bu istəkləri ilə hesablaşacaq. Azərbaycan prezidenti də bu şərtə razı olmayacaq. Amma 5 rayon Azərbaycana qaytarıla bilər. Görüşdə bu istiqamətdə müəyyən irəliləyişin əldə olunması mümkündür”.
Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, münaqişə ətrafında durğun vəziyyətin yarandığı vaxt prezidentlərin görüşünün keçirilməsi, müsbət haldır. Politoloqun sözlərinə görə, ermənilər indiyədək ciddi-cəhdlə bu görüşlərdən imtina edirdilər:
"2016-cı ildən bu günədək prezidentlərin təkbətək görüşü keçirilməyib. Bu baxımdan görüşün baş tutması müsbət hal kimi qiymətləndirilməlidir. Hətta, cənab prezident Nazirlər Kabineti ilə iclasında da dedi ki, heç kəs bizə görüşmək barədə minnət etməsin. Azərbaycan prezidenti BMT-dəki son çıxışında da qeyd etdi ki, istənilən an hərbi yola əl ata bilərik. Başqa sözlə, danışıqlar masasına əyləşmək ilk növbədə ermənilərin özlərinə lazımdır. "Madrid prinsipləri” və regionda təhlükəsizlik məsələlərini nəzərə alaraq, biz bu danışıqlara gedirik. Ermənistanın danışıqlara qayıtması da nüfuz savaşı məsələsi idi. ABŞ çox çalışdı ki, prezidentlər görüşsün, Rusiya da bu səylərini sonadək yerinə yetirə bilmədi. Bu vəziyyətdə də görüşün keçirilməsi müsbət haldır. Lakin görüşdə hansı məsələlərin müzakirə predmeti olması da mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan bir addım da öz ərazi bütövlüyündən geri çəkilməyəcək. İstənilən halda Azərbaycan istər "Kazan”, istərsə də "Madrid prinsipləri”nin şərtlərini yerinə yetirməyə hazırdır. Düşünürəm ki, Azərbaycan prezidenti Sarkisyanla görüşdə bu mövqedə dayanacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !