Ceyhun Bayramov Braziliya Federal Senatının nümayəndə heyəti ilə görüşüb

20:07 | 08.02.2024
Ceyhun Bayramov Braziliya Federal Senatının nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov Braziliya Federal Senatının nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar və ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub. Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Ceyhun Bayramov müstəqillik tarixində ilk dəfə olaraq ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə həmçinin bu il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb