Noyabrın 21-də nazir Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Qətər əməkdaşlığının qarşılıqlı hörmət, dəstək və əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.
İki ölkə arasında mövcud olan yaxın dostluq və qardaşlıq münasibətlərinin, sıx təmasların siyasi dialoqumuzun əsasını təşkil etdiyi vurğulanıb.
İqtisadiyyat, infrastruktur, ticarət, turizm, təhsil, mədəniyyət, media və humanitar mübadilə sahələri üzrə Azərbaycan-Qətər əməkdaşlığı və tərəfdaşlığı üçün böyük potensial və perspektivlərin mövcud olduğu bildirilib.
Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qəbula və ünvanına deyilən sözlərə görə təşəkkürünü bildirib, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !