Məlumatda Ceyms O'Braynın dekabrın 6-dan başlayaraq 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcəyi qeyd olunub.
Deputat Elman Nəsirov hesab edir ki, səfər çərçivəsində ilk olaraq iki dövlət arasında yaranmış gərginliyin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıla və Ermənistan Azərbaycan münasibətlərində normallaşma istiqamətində sülh müqaviləsinin imzalanması yönündə danışıqlar edilə bilər.
"Ceyms O'Braynın səfəri iki dövlət arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir. Əslində burada təsadüf axtarmaq da düzgün olmazdı. Ceyms O'Brayn 2 dövlətin münasibətlərindəki gərginliyin yaranmasının əsas müəlliflərindən biri hesab oluna bilər. Məhz onu dilində səslənmişdi ki, Azərbaycan yüksək səviyyəli səfərlər dayandırılır və bu qadağan edilir. Amma buna baxmayaraq özü ilk səfərini edir. Görünür ki, ABŞ-ın ali siyasi rəhbərliyi Cənubi Qafqazın xəritəsini qarşısına qoyub və düşünüb ki, belə bir coğrafiyada lider dövlət olan Azərbaycanla münasibətlərin gərginləşdirilməsi ABŞ-ın region siyasətindəki strateji maraqlarına cavab vermir, nəyinki cavab vermir onun üçün ciddi təhlükələr yarada bilər. Məhz bu məntiqlə də münasibətlərin korlanmasında xüsusi xidmətləri olan Ceyms O'Braynı Azərbaycana səfərə göndəriblər”, - Nəsirov əlavə edib.
Deputatın sözlərinə görə Ceyms O'Braynın hədəflərindən biri Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırma proseslərində mərkəz olaraq Vaşinqtonun çıxış etməsidir.
"Danışıqların daha çox Vaşiqtonda və yaxud Brüsseldə aparılması əsas hədəfdir. Nəticə etibarı ilə bu ABŞ-ın Cənubi Qafqazda mövqeylərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərə bilər. Ancaq Azərbaycan dövləti və ali siyasi rəhbərliyi, şəxsən ölkə prezidenti Cənab İlham Əliyev müstəqil milli maraqlara söykənən siyasət həyata keçirir. Bu siyasətin də bir başa diqtəsi altında Azərbaycan öz milli maraqlarını müdafiə edir. Azərbaycan milli maraqlarının ziddinə olan heç bir addım tərəfimizdən qəbul edilmir. Bunu rəsmi Vaşinqton çox gözəl bilir. Azərbaycanla heç kim diqtə dili ilə, təzyiq dili ilə danışa bilməz. Azərbaycanla xoş münasibətlərin olması ABŞ-ın da maraqlarına uyğundur. Azərbayacanı təhdid etmək, təzyiq dilində danışmaq təbii ki, Azərbaycanın ABŞ ilə münasibətlərində düzəlməsi mümkün olmayan çartların yaranmasına gətirib çıxara bilər. Bu da heç bir halda Vaşinqton üçün yaxşı bir şey vədd etmir. Sadəcə bu coğrafiyanı bilmək, tanımaq, Azərbaycanın qonşuluğunda hansı ölkələrin olduğunu və həmin ölkələrlə ABŞ-ın hansı münasibətləri olduğunu analiz etmək kifayət edər”, - deputat qeyd edib.
Politoloq Tural İsmayılov hesab edir ki, Ceyms O’Braynın ölkəyə səfəri ABŞ və Azərbaycan münasibətləri baxımından əhəmiyyətə malik ola bilər.
"Ümumiyyətlə Ceyms O’Brayn siyasi fəaliyyəti boyu bir çox qalmaqala imza atmış adamdır. Onun fəaliyyəti və siyasi karyerası qalmaqallarla zəngindir. Məncə, bu adamın Azərbaycan Ermənistan münasibətləri ilə bağlı dəqiq bilgiləri yoxdur, regionu yaxşı tanımır.
Əlbəttə ki, ABŞ Azərbaycan münasibətlərindəki son gərginliyin səbəbkarlarından biri onun ölkəmiz əleyhinə birmənalı və qəbul edilməyən fikirlər səsləndirməsindən sonra baş verdi. Azərbaycan Ermənistan münasibətləri ilə bağlı ABŞ-ın mövqeyi əsla bizi qane edən durumda deyil. İstənilən halda O’Brayn ölkəyə xahişlə gəlir, onun ölkəmizə səfəri ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevdən xahiş edərək həyata keçirir. Onun Bakıya səfərində ritorikasında bundan əvvəlki sərtliyin olub olmayacağın öncədən söyləmək çətindir. Hesab edirəm ki, o, iki ölkə arasında münasibətləri gərginləşdirdiyinin fərqindədir. Əgər ABŞ-ın dövlət katibi xahişlə onun Bakıya gəlməsinə nail olursa, burada danışarkən, açıqlamalar verərkən daha üslubi diplomatik formada fikirlərini səsləndirməlidir. Bütövlükdə isə O Braynın səfəri ABŞ Azərbaycan münasibətləri baxımından əhəmiyyətə malik ola bilər. Bu onun və ABŞ-ın bundan sonra Azərbaycana qarşı olan mövqeyindən asılı olan məsələ olacaq”, - politoloq əlavə edib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !