Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları- general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Ağaisə Mahmudov epizodu üzrə təqsirləndirilən Natiq Alıyev və Füzuli Əliyev ifadə veriblər.
Prosesdə təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov cinayət işində əlavə şahidlərin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb.
Dövlət ittihamçısı vəsatətin müzakirəsi üçün məhkəmədən vaxt istəyib. Vəsatət növbəti iclasda müzakirə ediləcək.
Proses davam edir.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri - S.Qurbanov, T.Quliyev, N.Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri F.Əliyev, Z.Məmmədov, N.Alıyev, F.Atayev, A.Şirəliyev, E.Əliyev, E.Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.
Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər S.Qurbanov, F.Əliyev, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, N.Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !