The Coca-Cola Company-nin Coca-Cola Europacific Partners Belgium qida sənayesi üzrə törəmə şirkəti, Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarının kütləvi şəkildə geri çağırıldığını elan edib. Buna səbəb içkilərin tərkibində xlorat səviyyəsinin normadan yüksək olmasıdır. Bu barədə Agence France-Presse məlumat yayıb.
"Bizdə dəqiq rəqəmlər yoxdur, lakin söhbət əhəmiyyətli həcmlərdən gedir", - şirkət rəsmiləri agentliyə verdikləri açıqlamada bildiriblər.
Geri çağırılma tədbirləri Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico brendlərinə aiddir. 2024-cü il noyabrın sonundan etibarən istehsal edilən bu ad altında içkilər banka və butulka formatında olmasından asılı olmayaraq geri qaytarılacaq.
Şirkət bildirib ki, problem Gentdə (Belçika) aparılan keyfiyyət yoxlamaları zamanı aşkar edilib və istehsal normalarına uyğunluğun yoxlanılması prosesində müəyyən olunub.
Agentliyin məlumatına görə, standartlara cavab verməyən məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.
Məsələ ilə bağlı Coca-Cola Azərbaycandan bildirildi ki, geri çağırılma yalnız bəzi Avropa ölkələrinə aid edilir və Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyildir.
"Müstəqil ekspertlər və labaratoriyaların analizinə əsasən, sözügedən məhsulların istehlakçılar üçün risk ehtimalının çox cüzi olmasına baxmayaraq Belçika, Lüksemburq və Niderland rəsmiləri ilə məsləhətləşmələr əsasında həmin məhsulların geri çağırılması qərara alınıb",- qurumdan bildirilib.
Aytac Zeynalova
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !