"Hazırda 1500-ə yaxın uşaq himayəmiz altındadır" - "Cığır" İB sədri Yeganə Mizəyeva

16:47 | 13.01.2020

"Hazırda 1500-ə yaxın uşaq himayəmiz altındadır" - "Cığır" İB sədri Yeganə Mizəyeva

 ''Cığır'' İctimai Birliyi ata qayğısından məhrum olmuş uşaqlara yardım məqsədi ilə yaradılıb və beş ildir ki fəaliyyət göstərir.  ''Cığır''ın bu 5 il ərzində həyata keçirdiyi işlərlə bağlı birliyin sədri Yeganə Mizəyeva iləsöhbət etdik. Onunla müsahibəni diqqətinizə çatdırırıq:
 
- "Cığır" İctimai Birliyi 2015-ci ilin fevralında bir qrup yardımsevər qadın tərəfindən ata qayğısından məhrum uşaqlara yardım etmək məqsədilə yaradılıb. İlk il himayəmizə 50 uşaq götürsək də, sonralar bu rəqəm artdığından Ədliyyə Nazirliyinə müraciət etdik. Beləliklə, 2018 - ci ilin aprelindən fəaliyyətimizi tam rəsmi şəkildə davam etdiririk.


- Fəaliyyətiniz dövründə hansı işlərə imza atmısınız?


- Xeyriyyə tədbirləri keçirir, ianələr toplayırıq. Bu günə qədər toplanan vəsaitlə onlarla yetim uşağa ev tikilib, müəllim və tələbə heyətinin könüllü olaraq dərs keçdiyi "Salam yurdu" təlim - tədris mərkəzi istifadəyə verilib. Onun daxilində isə tələbələr üçün ''Şirin qiraət'' adlı oxu evi, ''Mülk'' satış mərkəzi açılıb.
 
- Dövlət və ya hər hansı bir özəl qrumdan dəstək alırsınızmı?
 
- Kənd Təsərüfatı Nazirliyi könüllülərimizin əl işlərini yarmarkalarda satışa çıxartmağa bizə dəstək olur. Ötən ilin mayında isə Yasamal rayon keçmiş İcra Hakimiyyətinə müraciət etdik ki, Heydər Əliyevin doğum günü və "OXU ili" ilə əlaqədar küçədə xalça salıb kütləvi oxunu təbliğ edəcək bir tədbir keçirmək istəyirik. Lakin İcra hakimiyyəti tədbirin keçirilməsinə heç bir şəkildə icazə vermədi.
 
- Bəs "Cığır"da könüllülərin işi nədən ibarətdir?

 
- Burada "mən bu işi edə bilmərəm" deyən birisinə rast gəlmək mümkün deyil. Hər sahədə könüllülər işləyir. Müəllim, həkim, icraçı direktor, mühasib kimi çalışanların, eləcə də "Mülk"də satıcı, "Şirin qiraət" və digər xidməti sahələrdə çalışanların hər biri könüllülərdir.
 
- "Cığır"a qoşulmaq üçün hər hansı bir müraciət forması varmı?
 
- İnsanlar birliyimizə müraciət edəndə ilk olaraq bizə hansı sahədə dəstək ola biləcəklərini qeyd edirlər. Ümumi maraqlarımız üst-üstə düşərsə əməkdaşlıq edirik. Ümumi maraq isə yalnız insanların içindəki gözəlliyi kəşf etmək, onların necə gözəl işlər görə biləcəklərini üzə çıxartmaqdan ibarətdir.
 
- Hazırda "Cığır"ın himayəsi altında birliyin verdiyi təhsildən yararlanan neçə uşaq var?
 

- Hazırda 1500-ə yaxın uşaq himayəmiz altındadır. Hər biri ilə mütəmadi əlaqə saxlayırıq. Bundan əlavə yetim ailələrə dəstək olacaq himayəçilər axtarırıq ki, onlar nümayəndəmiz vasitəsilə ailələrə 50-55 manat arası yardım edir. Əsas məsələlərdən biri isə təhsildir. Ötən il 110-a yaxın uşaq "Salam yurdu"nda təhsil alaraq ali məktəblərə, kolleclərə daxil oldu. Bu il isə 100-ə yaxın uşağa təhsil veririk. Əsas istəklərimizdən biri gələcəkdə bu sayı artırmaq üçün bölgələrdə "Salam yurdu"nun filiallarını yaratmaqdır. Ümid edirəm ki, bu istəyimiz tezliklə yardımsevər və könlü gözəl insanlar tərəfindən həyata keçiriləcək.

Tural Türksoy
Fotoların müəllifi:  Əbülfət Baxşəliyev






































www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM