ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də qətlə yetirilib.
ANN.Az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu münasibətlə ABŞ prezidenti Barak Obama C.Kennedinin Arlinqton qəbiristanlığındakı məzarını ziyarət edib.
C.Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının inzibati mərkəzi olan Dallasa səfəri zamanı prezident korteji hərəkət edərkən yerli vaxtla saat 12:30-da Li Harvi Osvaldın tüfəngdən açdığı atəşlə öldürülüb.
Maraqlıdır ki, C.Kennedinin qatili olaraq şübhəli şəxs qismində həbs olunan L.H.Osvald qətldən iki gün sonra (noyabrın 24-də) polislərin müşayiəti ilə polis məntəqəsindən çıxarkən gecə klubunun sahibi olan Cek Rubi tərəfindən qətlə yetirilib.
Bununla da, C.Kennedinin həqiqətən, L.H.Osvald tərəfindən öldürüldüyü, qətlin səbəbi və mümkün sifarişçilərinin kimliyi qeyri-müəyyən qalıb.
C.Kennedi ABŞ-ın sui-qəsd nəticəsində qətlə yetirilmiş 4-cü prezidentidir. Ondan əvvəl Avraam Linkoln 1865, Ceyms Harfild 1881 və Uilyam Makkinli 1901-ci ildə qətlə yetiriliblər.
ANN.Az