Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) zamanı təhlükəsizliyi təmin etmək üçün BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından olan 100 nəfər təhlükəsizlik xidməti əməkdaşı Bakıya gələcək. Bu barədə "Report"a müsahibəsində BMT-nin Baş Qərargahında Təhlükəsizlik Xidməti rəisinin müavini Kevin O’Hanlon deyib.
O bildirib ki, konfrans zamanı iş iki zonada "mavi" və "yaşıl" zonada aparılacaq.
"BMT-nin zonası mavi zona olacaq, bu zonada təhlükəsizliyə BMT məsuliyyət daşıyacaq və mən həmin zonada xidmət göstərəcəm. Buraya BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək və biz mavi zonada təhlükəsizliyi təmin edəcəyik", - O`Hanlon bildirib.
Onun sözlərinə görə, bu işdə BMT-ə Azərbaycan hökumətinin təhlükəsizlik xidməti əməkdaşları, eləcə də özəl təhlükəsizlik qurumlarının işçiləri kömək edəcək.
"Bu komandada minə yaxın insan olacaq. Bundan başqa, yaşıl zona mövcud olacaq. Azərbaycan hökumətinin təhlükəsizlik xidmətləri həmin zonadan məsul olacaqlar, onlar həm də hava limanında, hotellərdə təhlükəsizlik təminatına cavabdeh olacaqlar. Yəni təhlükəsizlik hərtərəfli bir plandır və müşahidələrimə əsasən, bu plan çox irəliləmiş vəziyyətdədir. Mən isə onun kiçik bir hissəsi olan mavi zonaya cavabdehəm", - BMT rəsmisi bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !