COP29 tədbirinə hazırlıq çərçivəsində Azərbaycanın, xüsusilə Bakının fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün "Azərenerji” ASC gücləndirilmiş iş rejiminə keçib. Dövlət səviyyəsində COP29-a hazırlıq üçün yaradılmış Təşkilat Komitəsinin üzvü olaraq, "Azərenerji” ASC üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, deyə qurumun mətbuat xidməti məlumat verib.
Bu məqsədlə, müvafiq dövlət strukturları ilə əməkdaşlıq çərçivəsində enerji obyektlərinin fiziki və kibertəhlükəsizliyinin təmin edilməsindən tutmuş istismar və texniki xidmətlə bağlı ola biləcək fövqəladə dayanmaların qarşısının alınmasına qədər bütün profilaktik tədbirlər görülüb. Bu məqsədlə Bakıda və ətraf ərazilərdə yerləşən 37 mərkəzi yarımstansiya, 129 elektrik ötürücü xətti və 6 elektrik stansiyası tam şəkildə yoxlanılıb, istehsal prosesində əlavə ehtiyat güc saxlamaq üçün resurslar müəyyən edilib.
Bundan əlavə, yeni elektrik avtobuslarının enerji ilə təmin olunması üçün 110 kilovoltluq "Zığ” yarımstansiyası tamamilə yenidən qurulub, genişləndirilib və gücləndirilib. COP29 çərçivəsində 5,5 kilometr uzunluğunda 110 kV-luq yüksək gərginlikli hava xətləri, aeroportu, Zığ şossesini və 8 Noyabr prospektini keçərək hava limanı yolunun kənarı boyunca gedən xətt yeraltı kabel xətləri ilə əvəz edilib. Tədbirlə əlaqədar xüsusi ixtisaslaşmış briqadalar və mobil diaqnostika laboratoriyaları fasiləsiz növbədə olacaq. Həmçinin, yarımstansiyalarda və elektrik ötürücü xətlərində qızdırılma nöqtələrini və gözlə görünməsi mümkün olmayan qəza risklərini müəyyən etmək üçün avtomobillərdə və xüsusi dronlarda quraşdırılmış yüksək dəqiqlikli kameralar və termal görüntüləyicilər istifadə olunacaq.
Beləliklə, "Azərenerji” ASC fasiləsiz növbə prinsipi əsasında, ən müasir innovativ texnologiyaları tətbiq edərək, səmərəli enerji istehsalı, ötürülməsi və idarə edilməsini təmin etmək üçün bütün gücünü səfərbər edib.
N.Təbrizli
www.anews.az