İnkişaf etməkdə olan kiçik ada dövlətləri məhdud resurslara baxmayaraq, iddialı hədəflər qoyaraq liderlik nümayiş etdirdilər.
Bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində (SIDS) çıxışı zamanı bildirib.
Babayev bildirib ki, Azərbaycan kiçik ada dövlətləri ilə əməkdaşlığa hazırdır.
"Birlikdə daha ekoloji cəhətdən təmiz bir dünyaya doğru irəliləyə bilərik", o qeyd edib.
Noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !