COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilib.Bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şikəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.
Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurub. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılıb. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.
Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Olimpiya Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !