COP29-un keçirildiyi müddətdə Bakının əsas küçə və prospektlərində xüsusi məhdudiyyətlər nəzərdə tutulmayıb. Bu barədə jurnalistlərə COP29 üzrə Azərbaycan əməliyyat şirkətinin nəqliyyat və aeroport əməliyyatları departamentinin rəhbəri Orxan Mahmudlu Bakı Olimpiya Stadionuna təşkil olunan media-tur zamanı bildirib.
Onun sözlərinə görə, liderlər sammitinin keçirildiyi 11-13 noyabr tarixlərində dövlət və hökumət başçılarının Azərbaycana gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadiona gedən müxtəlif yollar üzrə hərəkətin tənzimlənməsi tədbirləri planlaşdırılır.
"Bu dövrdə həmin yollarda digər avtomobillərin hərəkətində müəyyən çətinliklər yarana bilər, buna görə də biz şəhərdə nəqliyyatın tənzimlənməsi planı hazırlamışıq və təqdim etmişik. Bu plana əsasən, alternativ marşrutlardan istifadə imkanı təmin olunacaq. Bu yollar haqqında məlumatı ictimaiyyətlə paylaşacağıq”, - o bildirib.
N.Təbrizli
www.anews.az