Yeni sertifikat nədir?
EUDCC rəqəmsal və ya kağız formasında verilən sertifikatdər. Bu pasportlar Avropa Birliyinin üzvü olan 27 ölkəyə səyahət etmək imkanı verəcək. Bu sertifikatlar AB-ə üzv olmayan bəzi ölkələrdə də keçərli olacaq.
Sertifikatda vurulan peyvəndlər, COVID-19 testinin nəticələri və virusa qarşı anticimlər barədə məlumat yer alacaq. Məlumat QR kodu şəklində şifrələnəcək. EUDCC sistemindən pulsuz istifadə olunacaq.
AB üzvü olan ölkə tələbləri yerinə yetirməkdən imtina edə bilərmi?
Qısa cavab - yox. AB üzvü olan ölkəməcburi qanunverici akt sayılacaq xüsusi qətnamə qəbul etməlidir.
Həmin qətnaməyə görə, AB üzvü olan ölkələr səyahətçilərə əlavə məhdudiyyətlər tətbiq edə bilməz. Ancaq ölkənin səhiyyə sistemində böhran yaşanarsa bu qaydalara istisnalara yol verilə bilər.
Sistem nə vaxt işləyəcək?
Avropa Komissiyası Başçısı Ursula fon der Leyen sistemin "yaxın bir neçə gündə" AB ölkələri ərazisində işləməyə hazır olacağını söyləyib. Bu isə AB-ə üzv ölkələrin sistemi öz ərazillərində çox qısa zamanda tətbiq etməyə başlayacaqları deməkdir.
Bundan əvvəl sistemin iyunun sonunda işə salınacağı bildirilmişdi. Qərarın özü iyulun 1-dən qüvvəyə minəcək və altı həftə ərzində Avropa birliyi boyunca tədricən tətbiq ediləcək.
Hansı peyvəndlər tanınacaq?
Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş bütün COVID-19 peyvəndləri EUDCC tərəfindən tanınacaq.
Hal-hazırda bunlar Pfizer / BioNTech, Moderna, Oxford / AstraZeneca və Johnson & Johnson şirkətləri tərəfindən hazırlanmış vaksinlərdir.
EMA və ÜST mütəxəssisləri Sputnik V-nin sınaqlarını davam etdirirlər. Rusiya peyvəndinin təhlükəsizlik baxımından qiymətləndirilməsinin bu yay tamamlanması gözlənilir. Bundan sonra Sputnik V qeydiyyatdan keçə və icazə verilən vaksinlər siyahısına əlavə edilə bilər. Avropa Dərman Agentliyi Almaniyanın CureVac, ABŞ-ın Covovax və Çinin Vero Cell vaksinlərini də araşdırır.
Daha sonra AB üzvü olan hər bir ölkə əlavə peyvəndlərin tanınması ilə bağlı sərbəst qərar verə biləcək.
Peyvənd vurdurmasam səyahətim qadağan edilə bilərmi?
Yox. AB bəyan edib ki, yeni sertifikatın təsis edilməsi Avropa Birliyi ərazisində sərbəst səyahətin şərtinə çevrilə bilməz.
"Peyvənd olunmayanlara qarşı hər hansı ayrıseçkilik tətbiq edilməyəcək”, deyə Avropa Komissiyasının yayımladığı bülletendə bildirilir. Peyvənd olunmayanların sərbəst hərəkət etmə hüququ pozulmayacaq. Amma onlara qarşı ehtiyac olarsa testdən keçmə və ya karantina alınma kimi tələblər qoyula bilər.
Hansı testlər qəbul ediləcək?
NAAT testləri (RT-PCR testləri daxil olmaqla) və express testlər tanınacaq. Öz-özünü test etməyə imkan verən testlər icazə verilən testlər siyahısına daxil deyil.
EEA (Avropa İqtisadi Zonası, red.) daxil olan ölkələrə, İngiltərə və İsveçrəyə səyahət etmək olarmı?
AB bəyan edib ki, EUDCC sistemi Avropa İqtisadi Zonası ölkələri (İslandiya, Lixtenşteyn, Norveç) və İsveçrə üçün açıqdır.
Norveç və İsveçrə AB tələblərinə cavab verən öz peyvənd sertifikatlarını yaradacağına söz verib. İslandiya bir neçə aydır ki, peyvənd volunmuş AB ölkələrindən gələn turistləri öz ərazisinə buraxır.
İngiltərə isə Avropa Birliyi ilə razılıq əldə etmə mərhələsindədir və hazırda öz peyvənd sertifikatlarını hazırlayır. İngiltərədə xarici turistlər üçün "işıqfor sistemi" də yaradılıb. Belə ki, həmin sistemə görə, koronavirusa yoluxanların sayından asılı olaraq ölkələr üç kateqoriyaya - qırmızı, sarı və yaşıla bölünür.
Qırmızı siyahıya düşən ölkələrdən gələn səyahətçilər yalnız İngiltərə və İrlandiya vətəndaşları və ya İngiltərə rezidentləri olduğu halda bu ölkələrin ərazisinə buraxılacaq. Sarı siyahıya daxil ölkələrdən olan səyahətçilər səyahətə çıxmazdan əvvəl COVID testi verməli, 10 günlük karantində qalmalı və ölkəyə daxil olandan sonra ikinci və səkkizinci günlərdə daha iki koronavirusa qarşı test verməlidilər.
Yaşıl siyahıya düşən ölkələrdən gələn səyahətçilərdən isə ölkəyə daxil olmazdan qabaq və sonra COVID testi tələb olunur. İndiyə qədər Portuqaliya bu siyahıda daxil olan yeganə AB ölkəsidir.
Bəs məlumatların təhlükəsizliyi necə təmin olunacaq?
Sertifikatın QR kod hissəsində buraxılış verən orqanın təsdiqlədiyi rəqəmsal imza yerləşdiriləcək. Bu bir xəstəxana, test mərkəzi və ya səhiyyə orqanı ola bilər.
Bu sistemdən nə vaxta kimi istifadə olunacaq?
AB sertifikatların yalnız pandemiya dövründə işləyəcəyini söyləyir. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edən kimi sertifikat sistemi də dayandırılacaq.
ÜST səhiyyə ilə bağlı başqa fövqəladə vəziyyəti elan edərsə sistem yenidən öz işini bərpa edəcək.
Rafiq Şahbazov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !