Bu gün Ağdaş rayonunun Korarx, Şəkili və Cüvə kəndlərinə təbii qazın yenidən verilməsi münasibətilə tədbirlər keçirilib.
Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Ağdaş rayon icra hakimiyyətinin, "Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məruzə edilib ki, 115 abonenti olan Korarx kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1291 metr uzunluğunda polietilen və 5098 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 115 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 220 abonenti olan Şəkili kəndinin qazlaşdırılması üçün 17 334 metrlik metal boru xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. 105 abonenti olan Cüvə kəndinin qazlaşdırılması üçün ümumilikdə 8278 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər fərdi qaz sayğacı və tənzimləyici ilə təmin olunublar.
Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İctimaiyyət nümayəndələri və kənd sakinləri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !