Havaların kəskin soyuması və qarın yağması ilə əlaqədar paytaxtın elektrik enerjisi və qazla təminatda yaranan problemlər məşhurlardan da yan keçməyib.Xalq artisti Alim Qasımovun Aşağı Güzdək qəsəbəsindəki evində soyuqdan donması ilə bağlı verdiyi açıqlamadan sonra məlum olub ki, muğam ifaçısı bu qəbildən heç də tək deyil. Başqa bir muğam ifaçısı, Əməkdar müəllim Qəzənfər Abbasov da işıqların vaxtaşırı sönməsindən şikayətçidir: “Yayın istisində sanotoryaların havası var ha, hazırda evimiz elədir. Yəni buz kimi. Bu saat evdə palto ilə gəzirəm, palto ilə yatıram. İşıq yoxdur”. Qəzənfər Abbasov AzNews.az-a bildirib ki, yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində işıqlar tez-tez sönür. Buna görə də soyuqda qalmalı olurlar: “İşıqar tez-tez sönür. Evdə havanın temperaturu 2 dərəcəyə çatandan sonra yanır”. Muğam ifaçısı deyir ki, yaşadığı qəsəbənin mavi yanacaqla təminatında heç bir problem yoxdur, amma bu zaman qarşıya başqa məsələ çıxır: “Qazın təzyiqinə söz ola bilməz. Nə yazıq ki, qaz var, amma onu da əvvəlcədən almağa pul yoxdur. Pul olsa, qaz alarıq. Ev bərbad gündədir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !