“Dağlıq Qarabağ məsələsinin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib”

16:56 | 23.05.2014
“Dağlıq Qarabağ məsələsinin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib”

“Dağlıq Qarabağ məsələsinin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib”

“Azərbaycana rəsmi səfər etmək, məcburi köçkünlərin vəziyyətini öyrənmək mənim üçün böyük şərəf və təcrübə olub”. APA-nın xəbərinə görə, bunu BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Əli Həsənovla birgə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, səfərdə əsas məqsəd məcburi köçkünlər üçün daha dayanıqlı həll yollarının tapılması idi: “Bu çərçivə fəaliyyətinin əsasında məcburi köçkünlərin qayıtması, olduğu yerdə qalması və digər yerə köçürülməsi nəzərdən keçirilir. İstənilən seçim variantının hər birində məcburi köçkünlərlə məsləhətləşmə, onların fikirlərini öyrənmək çox vacibdir. İstənilən seçim onların təhlükəsiz, ləyaqətli həyat sürməsi üçün imkan yaratmalıdır. Səfər zamanı məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti ondan ibarətdir ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Məhz bu səbəbdən hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib. Bu da Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək. Beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir ki, bunun nəticəsində də məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunması mümkündür. Bu səylər eyni zamanda məcburi köçkünlərin hökumətin həyata keçirdiyi inkişaf siyasətinə inteqrasiyasını, gələcəkdə onların qayıdışından sonra məcburi köçkünlərin cəmiyyətdə aktiv iştirakını təmin etməsini, infrastrukturun bərpası, evlərin tikintisi, azad olunmuş torpaqların yaşayış, kənd təsərrüfatı üçün yararlı olmasını tələb edir. Bildiyim qədər son illər ərzində ölkədə “Böyük qayıdış” planı işlənib hazırlanıb. Mən öz mandatım çərçivəsində bu prosesə təcrübəmlə töhfə verməyə, bu məsələdə Azərbaycan hökuməti ilə əməkdaşlıq aparmaq niyyətindəyəm. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış və sosial şəraiti ilə bağlı atdığı addımları alqışlayıram. Təcrübəmdə gördüyüm ən yaxşı nümunədir. Bu kimi yanaşma məcburi köçkünlərin qayıdışı zamanı da təmin olunmalıdır”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM