ANN.Az fins.az-a istinadən xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib.
ƏMDK-nin məlumatlarına görə, 2014-də ölkədə 205,2 min əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 15,9% artıqdır. Xatırladaq ki, 2013-cü ildə ölkədə 177,1 min əmlak qeydiyyata alınmışdı.
Ən çox əməliyyat torpaq sahələri ilə aparılıb
2014-də ən çox əməliyyat torpaq sahələri ilə aparılıb. Ümumilikdə sayı 205,2 min olan əməliyyatların 98 mini torpaq sahələrinin payına düşür. 2013-cü ilə nisbətən torpaq sahələrinin qeydiyyatı 35% artıb. Bundan başqa, ötən il 41,5 min fərdi yaşayış və bağ evi, 56,3 min mənzil qeydiyyatdan keçirilib.
58 min yeni əmlak
Ümumilikdə ötən il Azərbaycanda 57 945 daşınmaz əmlak sənədləşdirilib (yəni ilk dəfə çıxarış verilib). Bu 2013-cü ilə nisbətən 16,6% yüksəkdir. Sənədləşdirilən əmlaklardan 17,7 mini fərdi ev, 13,3 mini mənzillər, 23,8 mini isə torpaq sahələri olub. Başqa sözlə, 2014-cü ildə ən çox sənədləşdirilən əmlak növü də torpaq sahəsi olub.
2014-cü ildə 175 minə yaxın texniki pasport, 157 mindən artıq məhdudlaşma arayışı verilib, 45,6 min ipoteka, 5,5 min yüklülük qeydiyyata alınıb.
Əmlak bazarı regionlarda canlanıb
2014-cü ilin yekunları göstərib ki, Azərbaycanla əmlakla əməliyyatların böyük hissəsi – 69%-i regionlarda aparılır. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Ötən il qeydiyyatdan keçən 56 çoxmərtəbəli binadan 45-i regionlardadır.
Əmlakın qeydiyatındakı bu artım bir neçə səbəblə bağlıdır. Əvvəla ölkədəki iqtisadi artım əmlak bazarını da canlandırıb. Əhali və sahibkarların iqtisadi fəallığı, xüsusilə də regionlardakı fəallıq adi vətəndaşların əmlak qeydiyyatına marağını kəskin artırıb.
Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və əhali arasında aparılan maarifləndirmə işləri öz məntiqi nəticələrini verib. Qeydiyyat və digər əməliyyatlar üzrə elektron xidmətlərin tətbiqi, prosedurların və onlara sərf olunan müddətin azaldılması nəticəsində 2014-cü ildə daşınmaz əmlakın qeydiyyatı rekord həddə çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !