"Eyni coğrafiyanı və uzun bir tarixi bölüşən türklərlə ermənilər bütün məsələləri yalınız öz aralarında müzakirə və həll edə bilər”
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda erməni dilində nəşr olunan "Agos” qəzetinin baş redaktoru Qrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə əlaqədar açıqlama verib. APA-nın xəbərinə görə, Ə. Davudoğlu Q. Dinki həm erməni kökənindən, həm də Türkiyəyə bağlılığından vaz keçmədən türklər və ermənilərin ortaq gələcəklərini inşa etməyin yollarını arayan dəyərli bir Anadolu ziyalısı adlandırıb: "Biz köklü acıların aşılması və tarixi birliyin xatırlanması üçün ürəyini və ağlını ortaya qoyan, türk-erməni dostluğunu özündə birləşdirən Dinkin dostluq yoluna tutduğu məşəlin işığında zehinlərdə və könüllərdə qapılar açmaq istəyirik”.
Ə. Davudoğlu türk-erməni dostluğuna inanan hər kəsi yeni bir başlanğıca dəvət edib və bütün ermənilərə səslənib: "Müharibə şərtlərində məcburi yer dəyişdirmə siyasətinin 1915-ci il hadisələri də daxil olmaqla, qeyri-insani nəticələr doğurduğunu daha öncə də açıqlayan Türkiyə ermənilərin acılarını paylaşır və iki xalq arasında yenidən birgə duyğuların yaranması üçün səbr və qərarlılıqla cəhdlər göstərir. Qarşılıqlı münasibətlərimizi əsir alan düşmənçiliyin aradan qaldırılması üçün başda dialoq qurulması olmaqla, hansı addımları atmağın lazım gəldiyini göstərən Türkiyə baş nazirinin 23 aprel 2014-cü il tarixli başsağlığı mesajı bu cəhdlərin ən bariz ifadəsidir. Zamanı 1915-ci ildə donduran böyük travmanı geridə buraxmağın yolu tabuların yıxılması ilə başlaya bilər. Türkiyə bu nöqtəni aşıb və keçmişdən qalan basmaqəlib sözləri, bəyanatları geridə qoyub”.
Ə. Davudoğlu eyni coğrafiyanı və uzun bir tarixi bölüşən türklər və ermənilərin bütün məsələləri yalınız öz aralarında müzakirə edə biləcəklərini və həll yollarını da yalnız birlikdə axtara biləcəklərini vurğulayıb: "Qarşılıqlı etimad və əməkdaşlıq anlayışını inkişaf etdirmək, 800 illik ortaq tariximizin işığında bir-birimizi yenidən tanımaq, insani əlaqələr qurmaq vacibdir. Bu anlayışla erməni dostlarımızı Türkiyəni daha çox ziyarət edərək qarşılıqlı etimadsızlığı aradan qaldırmağa dəvət edirik”.
Açıqlama erməni dili də daxil olmaqla, 8 dildə yayılıb.
Virtualaz.org
Bizi sosial şəbəkələrdə izləyin !