Xarici dillərdən birini sərbəst bilən namizədlərə üstünlük veriləcək
Daxili İşlər Nazirliyi (DİN) Baş İnformasiya Kommunikasiya İdarəsində 30 vakant operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, dövlət dilini sərbəst bilən, boyu 160 santimetrdən aşağı olmayan, yaşı 20 ilə 30 arasında və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, əvvəllər məhkum olunmamış qadınlar (Azərbaycan vətəndaşları) iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər iyul ayının 15-dək iş günləri saat 10-dan 17-dək Baş İnformasiya Kommunikasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi; təhsil haqqında sənədin əsli; ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlar; əmək kitabçasını şəxsən təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər (012) 590-93-23 nömrəli telefonla Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi ilə əlaqə saxlaya bilərlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !