Beynəlxaql sülh üzrə Karnegi Fondunun Rusiya və Avrasiya proqramında Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində son döyüşlər barədə "Azadlıq" radiosuna danışıb.
T.de Vaal bunları bildirib: "Ümumiyyətlə, belə hadisələrdə biri başlayır, o birisi cavab verir. Bir neçə belə insidentdən sonra artıq bilinmir kim təcavüzkardır, kim yox. Burada hava şəraiti də rol oynayır. Qış ayları sakit keçir. Yaz-yay gələn kimi vəziyyət pisləşir".
Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə keçən ilin noyabrında görüşüb. Ancaq T.de Vaal hesab edir ki, sülh perspektivləri vədedici deyil.
O, deyir: “Masanın üstündə sənəd var. Ancaq tərəflərin bir-birinə etimadı sıfırdır. Sülh prosesinin müəyyən işartısı var. Ancaq indiki məqamda onun məzmunu dolğun deyil“.
Tomas de Vaal Azərbaycanın genişmiqyaslı hərbi əməliyyata başlayacağına inanmır. Onun fikrincə, Azərbaycan münaqişədə Rusiyanın roluna göz qoymaqda davam edir.
Tomas de Vaalın fikrincə, ən pisi vəziyyətin gərginləşməsidir. Cəbhə xəttində tələfat arta bilər.
Ekspert xatırladır ki, son illər ayda 2-3 hərbçi ölürdü: “Ölənlərin sayı ayda 20 olsa, bu, kifayət qədər pis olacaq”.
ANN.Az