LGBTQİ+ olan şagird məktəbdə zorakılığa məruz qalır, direktor isə məsələdən xəbərsizdir

18:50 | 28.11.2021
LGBTQİ+ olan şagird məktəbdə zorakılığa məruz qalır, direktor isə məsələdən xəbərsizdir

LGBTQİ+ olan şagird məktəbdə zorakılığa məruz qalır, direktor isə məsələdən xəbərsizdir

Əsəd Ələsgərov adına 244-nömrəli məktəbin şagirdi LGBTQİ+ olduğu üçün sinif yoldaşları tərəfindən məktəbdə bullinq və zorakılıqla üzləşir. Məktəb rəhbərliyi isə buna göz yumur. Bunu Anews.az-a 16 yaşlı məktəbli özü bildirib.  
 
"Oxuduğum Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə artıq illərdir LGBTQİ+ olduğuma görə bullinq və zorakılıqla  görürəm və etdiyim şikayətlərə rəğmən heç bir tədbir görülmür.9-cu sinifə qədər koridora qorxaraq çıxırdım. Bufetə təsadüfi hallarda gedirdim. Fizika müəllimim dərsdə dəftərimi cırırdı, sepimi qırırdı (baxmayaraq ki, özü də daxil başqa şagirdlər də dərsə aksesuarlar taxıb gəlirdi). Mənə sırf çiynimə şal atdığım üçün "samiraldo", "şəxsiyyətsiz" deyirdi", - deyə məktəbli bildirdi. 

Onun sözlərinə görə, hətta məktəbin direktor müavini şagirdə qarşı şiddətin qarşısını almaqda aciz olduğunu tiraf edib. "Direktor müavini mənə deyir ki, "onlar padoşdur, düzəlməyəcəklər". Bu zaman mənim təhlükəsizliyim təhdid altında olmalıdır?! Direktor müavini həm də məni də zorakılığa təşviq edərək deyir ki, "sən də cüssəlisən, vur onları". Təhsil işçisi açıq şəkildə dava etməyimizi istəyir", - deyə şagird əlavə etdi. 
 
16 yaşlı məktəbli Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatına şikayət ərizəsi ilə müraciət edib. 

Məsələ ilə bağlı Azərbaycan insan haqları üzrə müvəkkilin mətbuat katibi Emil Şahzadənin  Anews.az -a verdiyi məlumata görə,  şagirdin müraciəti hazırda ombusman aparatında  icraata verilib və qısa müddətdə şikayətlə bağlı şikayətçiyə məlumat veriləcək. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analtik araşdırmalar şöbəsinin müdiri  Elgün Səfərov isə Anews.az-a bildirdi ki, hazırda məsələ nəzarətə götürülüb, bununla bağlı tədbirlər həyata keçiriləcək.
 
244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasov isə ümumiyətlə hadisədən xəbərdar olmadığını deyərək direktor olduğu məktəbin XI sinif şagirdinin bulinqə məruz qaldığını sosial şəbəkədən duyduğunu dedi. 

Bununla belə məktəb direktoru şagirdlə məktəbin psixoloqunun dəfələrlə söhbət etdiyini də vurğuladı. 

"Məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən həmin şagirdlə əvvələr də dəfələrlə söhbət aparılıb, zəruri psixoloji yardım göstərilib, qarşılıqlı ünsiyyətin qorunmasının vacibliyi nəzərinə çatdırılıb",- deyə direktor əlavə etdi. 
 
Şagirdin sözlərinə görə, həyatının təhlükə altında olması ilə bağlı  Daxili İşlər Nazirliyinə də müraciət edib. Noyabrın 26-ı Binəqədi rayonunda yerləşən 5 nömrəli polis bölməsinə dəvət olunub.

Aytac Zeynalova

www.anews.az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti