Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dekabrın 24-də Bakının “Xəmsə” sarayında fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə mərasim keçirəcək.Dekabrın 23-də “Media forum” saytına danışan fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, tədbirdə mənzil alan jurnalistlərə evlərin sənədləri və simvolik açarlar təqdim olunacaq: “Bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adlarına aktlaşdırılıb. Sabah prezidentin ad günüdür. Bu möhtəşəm gündə sənədlər mənzil sahiblərinə təhvil veriləcək.Dekabrın 25-də isə mənzillər aktla sahiblərinə veriləcək. Mənzil sahibləri evlərinə baxıb hər şeyin qaydasında olduğunu gördükdən sonra akta qol çəkib mənzilin açarını götürəcəklər. Həmin gündən onlar öz mənzillərinə köçə biləcəklər”.Yeni Salyan yolu, 22-də yerləşən jurnalist binasının açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.ANN.Az