Noyabrın 29 və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək. Görşün keçirilməsini Azərbaycan və Ermənistan xarici işlər nazirliyi təsdiq edib.
"Ermənistanın siyasi rəhbərliyi dəfələrlə pozitiv yönümlü mövqelər səsləndirsə də, pozitiv bəyanatlar versə də sülh müqaviləsinin yaxın aylarda imzalanacağı ilə bağlı fikirlər səsləndirsə də, bu istiqamətdə heç bir real addım atmayıb. Əksinə tez-tez beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycanı ittiham etmək istəyib, amma uzun fasilədən sonra ilk dəfədir ki, bu komissiyanın iclasının keçirilməsi ilə bağlı xəbərlər yayılıb. Artıq bu konkred işdir. Çox istəyərdik ki, iclas çərçivəsində həllini gözləyən məsələlər ilə bağlı real nəticələr hasil olsun”, - o qeyd edib.
Deputat sərhədlər məsələsində Azərbaycanın keçən əsrin 20-30-cu illərin xəritələrinin əsas baza kimi götürülməsinin tərəfdarı olduğunu bildirib.
"Sərhədlər məsələsində Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan keçən əsrin 20-30-cu illərin xəritələrinin əsas baza kimi götürülməsinin tərəfdarıdır, Ermənistan isə əksinə 20-ci əsrin 70-ci illərindən, yəni Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının əsas götürülməsi iddiasındadır. Bu məsələlər ətarfında fikir ayrılığı mövcuddur. Əsas odur ki, proses başlansın. Yəni sözdən real işə keçirilsin. Paşinyan söyləyir ki, Azərbaycan ilə 3 istiqamətdə razılaşma var. Bu ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların bərpası ilə bağlıdır. Bunlar deyən Paşinyanın bu istiqamətdə hələ indiyə qədər real addımları olmayıb. Sözdə olub, əməli işdə təsdiqin tapmayıb”, - o əlavə edib.
Elman Nəsirov bildirir ki, Azərbaycan ilə Ermənistan arasında çoxdan gözlənilən, regiona dayanıqlı, davamlı bir sənədin imzalanması Ermənistana daha çox lazımdır.
"Ümid edir ki, proses müsbət məcrada inkişaf edəcək. Nəhayət ki, çoxdan gözlənilən regionumuza dayanıqlı və davamlı, uzunmüddətli bir sənəd imzalanacaq. Bu Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan düşdüyü blokada vəziyyətindən çıxması üçün yaxşı şansdır. Bu şansdan istifadə edərsə, Ermənistanın gələcəyi var, istifadə etməsə özünün Fransa kimi məsləhətçilərinin lazımsız, təhlükəli məsləhətlərinə qulaq asarsa, bu onun üçün çox ciddi baş ağrıları yarada bilər”, - deputat qeyd edib.
Politoloq Tural İsmayılov hesab edir ki, delimitasiya komissiyalarının iclasının keçirilməsi çox önəmlidir.
"Azərbaycanla Ermənistan arasında delimitasiya komisyasının iclasları artıq aylardır həyata keçirilir. Əslində mən sülh prosesi üçün bu məsələni vacib hesab edirdim. Azərbaycan və Ermənistan sülh prosesində ilərləyiş əldə etmək istəyirsə, Ermənistanın delimitasiya ilə bağlı təxribatları sona çatmalıdır. Nəhayət ayın axırında delimitasiya komissiyalarının iclasının keçirilməsi çox önəmlidir. Çünki iclasda şərti sərhədlər ilə bağlı məsələ müəyyənləşdirilməlidir. Eyni zamanda şərti sərhədlərin artıq normal dövlət sərhədləri kimi tam bərpası və tanınması məsələsi ətrafında müzakirələr aparılacaqdır”, - o qeyd edib.
Politoloq danışıqlar prosesində xəritələr məsələsinə də toxunulacağını düşünür.
"Ermənistan uzun müddətdir Azərbaycanla sülhlə bağlı hansısa qondarma xəritələrdən istifadə etməyə çalışır. Məhz Ermənistanın bu xəritə oyunları nəticədə danışıqlar prosesinin dalana dirənməyinə səbəb olacaq. Hesab etmirəm ki, bu eyni müzakirələr prizmasında nəzərdən keçiriləcək”, - İsmayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında müzakirələrdə 3-cü tərəflərin iştirakı yekunda müsbət nəticənin əldə olunmasına əngəl törədir.
"Nəzərə almaq lazımdır ki, həqiqətən iki ölkə arasında sülh üçün açar məsələlərdən biri delimitasiyanın həyata keçirilməsidir. Bu baxımdan ayın sonunda delimitasiya komisiyasının iclaslarının keçirilməsi zəruri əhəmiyyətə malikdir. Azərbaycanla Ermənistan sərhəddə birbaşa bu məsələni müzakirə edəcək. Əslində üçüncü tərəflərin müzakirədə olması nəticədə yekun pozitiv qənaətin əldə olunmasına həmişə əngəl törədirdi. Ona görə sərhəddə birbaşa üz-üzə ünsiyyət formasında həyata keçiriləcək görüşlərin vacib əhəmiyyəti var. Prosesləri əngəlləyən 3-cü tərəflər olur və onların olması da əlavə yozumlara, şərhlərə səbəb olur”, - politoloq əlavə edib.
İndiyə qədər 3 dəfə sərhədlərin delimitasiya komissiyası iclası keçirilib.
Noyabrın 22-də Ermənistan Azərbaycanla iki ölkə arasında dövlət sərhədində delimitasiya komissiyalarının iclasının keçirilməsinə razılıq verib.
Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb.
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yarandığını qeyd edib.
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !