Fevralın 12-də Bakıda keçirilən "Visa Cashless
Forum”da Azərbaycan Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti
innovativ yeniliyini müştərilərinə təqdim edib. Bu, Ring Pay ödəniş üzükləridir.
Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də
təmassız qaydada həyata keçirmək olar.
Azərbaycan
Beynəlxalq Bankının, VISA beynəlxalq
kart təşkilatının, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin, eləcə
də Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə "Gələcəyə doğru hərəkət”
mövzusunda təşkil olunmuş "Visa Cashless Forum”da Ring Pay ödəniş üzüklərinin
özəllikləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Üzük adi plastik bank kartının bir çox
funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə
bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür.
Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir.
Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən
onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək
olar. Ring Pay ödəniş üzüyünü yaxın günlərdə
şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən
filial və ya şöbəsindən əldə etmək mümkündür.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin
müavini Elmir Həbibullayev bildirib: "Ring
Pay ödəniş üzükləri təmassız NFC texnologiyası əsasında hazırlanmış yeni bank məhsuludur.
Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk dəfə tətbiq etdiyi bu innovativ
yenilik nağdsız ödənişləri daha da asanlaşdıracaq. Ümidvarıq ki, müştərilərimiz
bu üzüklərdən məmnuniyyətlə istifadə edəcək və belə maraqlı təcrübəni başqaları
ilə də bölüşəcəklər”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq
Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən,
www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !