
Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməllərinin təfərrüatları haqqında
danışıb.
O, anews.az-a açıqlamasında bildirib ki, dələduzluğa məruz qaldığı halda onun özünü məsuliyyətə cəlb ediblər.
Onun sözlərinə görə, baş verən hadisələrin kökündə vətəndaşlara saxta pensiya düzəltmək məsələsi dayanır.
"Məsələdə
əsas təqsirkarlar Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş
həkimi işləmiş Rauf İsfəndiyarov, 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının
sədri vəzifəsində işləmiş Şahin Verdiyev və Kəlbəcər Rayon Mərkəzi
Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadır. Rauf İsfəndoyarovla
Şahin Verdiyevi bu sahədə çalışarkən tanımışam. Sonradan Rauf İsfəndiyarov məni
Mehparə Kazımova ilə tanış edib. Bu
şəxslər ayrı-ayrı vətəndaşları pensiya düzəltmək üçün pullarını alıb. Pullar Rauf İsfəndiyarova, Şahin Verdiyevə və
Mehparə Kazımoyava verilib. Onlar tanışlarımın əlillik dərəcələrini guya
qanuni yolla həll edəcəklərini desələr də, saxta sənədlər düzəldiblər", - müğənni deyib.
O, bildirir ki, Sahil
Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra pensiya
təminatı ilə bağlı araşdırmalara başlanıb və xeyli sayda vətəndaşın əlillik
dərəcəsi ləğv edilərək pensiyası kəsilib. Bundan sonra isə həmin vətəndaşlar
şikayətçi olublar.
"Mən bu işdə adım hallanmasın
deyə xeyli sayda vətəndaşın pulunu qaytarmışam. Bunun üçün əmlaklarımı
satmışam. Amma buna baxmayaraq, yenə də bu işdə əsas fiqur kimi mənim addım
hallanır, mühakimə edilir və cəzalandırılıram. İşin başında dayananlar, həmin
pulları mənimsəyənlər barədə isə heç bir tədbir görülmür”, Əsədova
vurğulayıb.

Müğənni daha sonra konkret faktlara keçib. O, əlillik
dərəcəsi ilə bağlı çoxsaylı sənədlər təqdim edib. Onun iddasına görə, bu sənədlər
Mehparə Kazımova tərəfindən düzəldilib.
"Mən bütün sənədləri sizə təqdim edirəm. Bu
sənədlərin hamısı saxtadır. Xəstə olamayan vətəndaşlara müxtəlif xəstəliklər
yazılıb və onlara pensiya düzəldilib. Yaxşı başa düşdüm, bu işdə vasitəçi
olmuşam deyə məni də ittiham edirlər. Bəs o zaman işin başında dayanan, saxta sənədləri
düzəldən, pulları mənimsəyən Rauf İsfəndiyarov, Şahin Verdiyev və Mehparə
Kazımova niyə məsuliyyətə cəlb olunmur? Axı pullar bu adamlara verilib. Əlimdə
bütün bunları təsdiq edən sübutlar var. Sizə təqdim etdiyim bu sənədləri
istintaqa da təqdim etmişdim. Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətimdə
də bu faktlar əks olunub. Amma nəticə yoxdur”, - o bildirib.

Mart ayında Dəniz Əsədovanın şikayəti
əsasında Rauf İsfəndiyarov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin
178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli
sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. May ayında isə barəsində həbs
qərarı ev dustaqlığı ilə əvəzlənib.
Dəniz Əsədova bu fakta diqqət çəkərək
bildirib ki, baş verənlər "pensiya əməliyyatı” ilə bağlı cinayət işinin
ört-basdır edilməsinə hesablanıb.
"Mən başa düşə bilmirəm nə baş verir? Axı necə
ola bilər ki, mənim ittiham olunduğum cinayətdə əsas fiqurant olan bu şəxs barəsində
bir ay sonra həbs qərarı dəyişir?! Digərləri barədə isə ümumiyyətlə heç bir tədbir
görülmür? Bu cinayəti ört-basdır etmək deyil bəs nədir?! Təsəvvür edin, Rauf
İsfəndiyarovla Şahin Verdiyev öz adamlarına saxta əlillik dərəcəsi verib. Bununla
bağlı əlimdə sübutlar var. Amma araşdırılmır.”, - müğənni əlavə edib.
O, həmçinin, bu işə görə sürücüsü Samirin də günahsız yerə həbs olunaraq məhkum edildiyini bildirir.
"Sürücüm Samir də 2020-ci ildə günahsız yerə, əslində Mehparə Kazımovanın törtdiyi əməllərə görə həbs edilib. Mehparə Kazımova öz adamları ilə əlaqəyə girərək guya saxta əlillik dərəcələrinin sürücüm tərəfindən verilməsi planını hazırlayıb. Mehparə Kazımovanı məsuliyyətdən kənarda saxlamaq üçün sürücümü aldadaraq ona cinayət işinə xitam veriləciyi bildirilib. Amma cinayət işinin məhkəmə istintaqı Xəzər və Kəlbəcər rayon məhkəmələrində keçirilib. Samir 2 il şərti cəza alıb. Hazırda sürücüm də şikayətçidir, onun hüquqlarını Mehparə Kazımova və bəzi məmurlar pozublar. Bununla bağlı əlimizdə kifayət qədər sübutlar var. Samirin heç bir təqsiri yoxdur. Elə bir fon yaradıblar ki, guya bütün bunların arxasında mən dayanmışam. Bütün şiakyətçilərə də mənim adımı verirlər. Deyirlər gedin pulunuzu ondan alın. Biz külli miqdarda pullar ödəmişik. Bu adamlar iddia edir ki, guya baş verənlərdə təqsirləri yoxdur. Yaxşı, əgər heç bir günahları yoxdursa, niyə mənə 150 min manat veriblər? Bu, mən əsl həqiqəti ictimailəşdirəndən sonra baş verib. 150 min verdilər qalanını isə ödəməkdən imtina etdilər. Bu fakt da işin arxasında məhz onların dayandığını sübut edir. Mehparə Kazımova öz işçiləri vasitəsi ilə də belə əməllər törədib. Konkret olaraq onun işçilərindən Əfsanə Məmmədovanın adını çəkə bilərəm. Mən heç nəyi sübutsuz danışmıram. Əlimdə ciddi sübutlar var. Hətta kimə pul verilibsə, səs yazıları və videogörüntüləri var”, - Əsədova bildirib.
Dəniz Əsədova ölkə rəhbərliyinə
müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib.
"Mənə təzyiq edilir, istəyirlər ki, danışmayım, susum. Amma susmaq fikrində deyiləm. Mən bu adamların məsuliyyətə cəlb olunmasını, onlara verilən pulları geri qaytarmalarını tələb edirəm. Bu cinayətin ört-basdır edilməsinə imkan verməyəcəm. Cənab Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş edirəm. Burada milyonlarla manat puldan söhbət gedir. Hüquq-mühafizə orqanlarına da müraciətlərim davam edəcək”, - müğənni vurğulayıb.
Müğənni sonda 16 aprel 2022-ci ildə
evində baş verən oğurluq hadisəsindən danışıb. Onun sözlərinə görə, hadisəni
törədən Mirzəzadə Minayə Nadir qızı adlı şəxsdir.
Artıq Mehparə Kazımova Dəniz Əəsədova barəsində
Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Şikayətə
mayın 22-də hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Eltac Nurullazadə

Bizi sosial şəbəkələrdə izləyin !