İşçilərin əmək sağlamlığının qorunmasında vacib olan amillərdən biri işçilərin nahar fasiləsində müəssisə tərəfindən kalorili qidalarla təmin olunmasıdır. Təəssüf ki, biz buna da nail ola bilməmişik. Bəzi şirkətlər bunu həyata keçirsə də, digərləri bu prosesdən kənarda qalır.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün keçirilən beynəlxalq konfransda Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, işçilərin hüquqlarının qorunması işəgötürəndən daha çox işçilərdən asılıdır.
"İşçilərin əmək hüquqlarının qorunması inzibati və nəzarət orqanlarından deyil, eləcə də işçilərin özündən də asılıdır. Təəssüf ki, bu gün Azərbaycanda bu mədəniyyətin yüksək səviyyədə olduğunu deyə bilmirik”- deyə, deputat çıxışı zamanı bildirib.
Deputat deyib ki, naharın müəssisə tərəfindən verilməsi işçilərin vaxtını daha səmərəli keçirilməsinə şərait yarada bilər:
"İşçilərin kalorili qidalarla təmin edilməsi müəssisəyə olan bağlılığı da artırır”.
Deputat həmçinin əmək qanunvericiliyi şərtlərinin ən çox tikinti şirkətlərində pozulduğunu diqqətə çatdırıb:
"Orada ən çox kənd yerlərindən gələn insanları əmək müqavilələri bağlamadan işə götürürlər.
Həmin insanlar isə peşəkar olmur, həm də öz hüquqlarını qoruya bilmirlər. Digər tərəfdən isə onlar daha çox hündürlükdə görülməsi lazım olan işə cəlb edilir, yaxud da təcrübə tələb olunan sahəyə gətirilir. Təbii ki, bu da əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olur".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !