Deputat polisdən hamının qarşısında üzr tələb edibmiş

16:06 | 30.07.2021
Deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsinin yeni detalları məlum olub. 


Bu barədə jurnalist Cəmil Məmmədli sosial şəbəkədə video paylaşıb. O, döyülmə hadisəsinin Nabranda yox, rayonun Bakı prospektində yerləşən "Starıy Dvor” kafesində baş verdiyini bildirib. Qeyd edib ki, məlum hadisədən bir neçə gün qabaq rayonun polis əməkdaşları kafenin gecə saat 12-dən sonra işləməsinə görə onun rəhbərinə xəbərdarlıq ediblər: "Bildirim ki, kafe Eldəniz Səlimova aid deyil, sadəcə onun bacısı oğlu tərəfindən icarəyə götürülüb. Üstündən bir neçə gün keçdikdən sonra deputat Z. Mirzəyevi söhbətə çağıraraq onu qəfildən vurub”.


"Bakupost”un məsələ haqda yaydığı məlumatda isə bildirilir ki, insidentin təməli bir həftə öncədən başlayıb. Həmin vaxt reyd keçirən Xaçmaz polisi restorana gəlib və restoran rəhbərliyinə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini gecə 12-də dayandırmağı tələb edib. Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.


Hadisənin səhəri gün E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun ondan üzr istəməsini tələb edib. Deputatın zəngindən sonra C. Mirzəyev oğluna Eldəniz Səlimovdan üzr istəməli olduğunu tapşırır və Zaur Mirzəyev də bununla razılaşır. Saytın yazdığı məlumata görə, deputat bildirir ki, restoranda 28 iyul tarixində olacaq, ora gəlib, hamının qarşısında üzr istəsin. 


28 iyulda keçirilən reydə Z.Mirzəyev də salınır və onlar "Starıy Dvor”a gedərkən yenə də qanunsuzluq edildiyini, restoranın gecə 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görürlər. Z.Mirzəyev deputatdan üzr istəyir, buna baxmayaraq, yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladır. Bu isə Eldəniz Səlimovu hiddətləndirir və o, Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyür. Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmır. Yalnız 29 iyulda insident mediaya sızdıqdan və deputatın əməlləri ifşa olunduqdan sonra Polis Şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyir. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilir.


Məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.


E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib. Milli Məclisin İntizam Komissiyasından "Qafqazinfo”ya bildirilib ki, Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM