"Təsəvvür elə ki, sən 100 manat kredit almısan, indi 70 manat qaytaracaqsan”.
Ümumiyyətlə, manatın devalvasiyası ilə əlaqədar söhbət çoxdan gedirdi, vaxtaşırı bu məsələni Milli Məclisdə qaldırırdıq. Mən də mütəmadi olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ilə telefonla danışırdım.
Hətta 3 gün bundan qabaq bildirdim ki, mənə dəqiq deyin, vəziyyət necədir, çünki əhali bizimlə təmasda çox olur, maraqlanır, suallar verilir. Dedilər ki, devalvasiya təxminən 85-90 qəpik səviyyəsində olacaq. Yəni yumşaq devalvasiya gedəcək, Rusiyada olduğu kimi birdən-birə böyük fərq gözlənilmir. Mən başa düşürdüm, Rusiyada, bütün MDB məkanında milli valyutalar devalvasiya olunub, yəni ucuzlaşıb, bizdə də bu müəyyən proses getməlidir.
Oxu.Az xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.
Deputat qeyd edib ki, onlar devalvasiyanın bu səviyyədə olacağını gözləmirmişlər:
"Yəni birdən-birə, bir gecədə sən götürüb manatı 33 faiz ucuzlaşdırırsan... Bu, gözlənilməz məsələydi. Əslində 85-90 qəpik səviyyəsində ucuzlaşma olmalıydı və proses yumşaq şəkildə getməliydi, biz bunu başa düşürdük. Bunu da onunla əsaslandırırdıq ki, rəqabətyönümlü, ixracyönümlü məhsulların istehsalına müəyyən qədər təsir göstərəcək. Amma niyə birdən-birə belə bir qərar verildi. Bu qərarın verilməsi çox ağır nəticələrə səbəb ola bilər”.
Deputat bildirib ki, manatın məzənnəsi ilə bağlı qərar ilk növbədə banklara ciddi təsir göstərəck:
"Təsəvvür elə ki, sən 100 manat kredit almısan, indi 70 manat qaytaracaqsan”.
Deputat həmçinin bildirib ki, yeni məzənnə daxili bazarda mütləq qiymət artımına səbəb olacaq.
İqtisadi İnkişaf Nazirliyinin süni qiymət artımına qarşı sərt addımlar atması barədə bəyanatını şərh edən deputat bildirib ki, "nazirlik hər gün hər yerdə monitorinq aparmalıdır ki, qiymətlər qalxmasın”.
"Ancaq əksər məhsullar xaricdən gəlir, ordan dollarla alıb gətirirlər. Yəni bu tədbirlər əslində əvvəldən paket formasında olmalı idi. O cümlədən kreditlərlə əlaqədar da müəyyən qərar verilməli idi ki, insanlar əziyyət çəkməsinlər. Mən bu gün bir bankla danışdım, adını çəkmək istəmirəm, kreditlərlə əlaqədar olaraq bir gecədə 24 milyon ziyana düşüb. Eyni zamanda insanların əmək haqları, pensiyaları, banklardakı əmanətləri məsələsi var. Son qərarla manatla olan əmanətlər 33 faiz dəyərdən düşdü”, - deyə, o, vurğulayıb.
Vəziyyətin dəyişməsi barədə sualı isə deputat bilə cavablandırıb:
"Nə cür dəyişə bilər? Götürüb dolları ucuzlaşdıra bilərlər? Elə isə bunu bir gecədə niyə etdilər? Əgər belə bir hal baş verərsə, deməli, kimsə burda mənfəət götürmək istəyib. Bunu başqa cür fikirləşmək olmaz. Yəni kiminsə bankı var, bu əməliyyatı keçirir, külli miqdarda vəsait götürür. Mən geriyə yol görmürəm. Ancaq ola bilər. Bu da birinci şəxsdən asılıdır. Prezident göstəriş verə bilər ki, qayıdın əvvəlki vəziyyətə”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !