Verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı, atdı da.
Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.
O bildirib ki, həbslər hələ davam edəcək:
"Kredit borcları həddindən artıq çoxalmışdı. Banka borclar çoxdur, ona görə də belə proseslər gedir. Bu gözlənilən idi. Çünki kredit borcları haradasa, 1 milyardı ötmüşdü. Biz dəfələrlə Milli Məclisdə kredit faizlərinin yüksək olması, kreditlərin qaytarılmaması məsələlərinə toxunurduq.
Qərar qəbul olunub müəyyən yoxlamalar keçirilir. Kim dövlətin qanun- qaydasını pozubsa cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, hələ bir müddət bu həbslər davam edəcək, qanunları pozan xeyli iş adamları cəzalanacaq”.
Kimlərin həbs olunacağı məsələsinə gəlincə, V.Əhmədov bildirib ki, bu barədə əvvəlcədən proqnoz vermək çətindir:
"Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir fərq eləmir. Qanun qarşısında hamı eynidir. Söhbət Azərbaycan qanunlarının pozulmasından gedir”.
Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !