“Türkiyənin yeritdiyi siyasət, açıqladığı rəsmi mövqe ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və ərazilərin azad olunmasından başlayır.Ona görə də bu təmaslara normal baxırıq və bəzilərinin münasibətlərin olmaması ilə bağlı dediyi fikirləri bölüşmürəm. Əksinə, hesab edirəm ki, danışmağa, qarşılıqlı səfərlər etməyə, ortada olan problemli məsələləri aradan qaldırmağın yolunu birgə düşünməyə və hər tərəfin mövqeyini öyrənməyə böyük ehtiyac var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana nəzərdə tutulan səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək bir neçə amillər var: “Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər. Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur. Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə istənilən layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili hədəf götürərək normallaşmasını istəyənlər əlbəttə ki, bu amilə də təsir göstərə biləcək hərəkətləri paralel aparmalıdırlar. Belə olmadığı təqdirdə, yenə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağına az ümid edirəm”. B.Muradova qeyd edib ki, Ə.Davudoğlunun səfərində də Qarabağ məsələsi gündəmdə olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !