Deputat: "Yaşayış minimumu və maaş artacaq"

09:52 | 18.07.2019
Hesab edirəm ki, yaşayış minimumu rəqəmi mütləq artacaq".


Anews.az xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində millət vəkili Hadi Rəcəbli deyib.


Deputat qabaqcadan bunun proqnoz verib: "Bizim istədiyimiz yaşayış minimumunun reallıqlara daha məqbul, yaxın olmasıdır. Statistika Komitəsi ilə İqtisadi İnkişaf Nazirliyi birgə bazardakı qiymətlərlə, reallıqlarla, rəqəmləri ölçüb-biçməklə yaşayış minimumu göstəricisini müəyyənləşdirirlər. Mən bunu xüsusi vurğulamaq istərdim ki, beynəlxalq standartlara uyğun olaraq məhz yaşayış minimumu bizə təqdim olunur.  Bizim də onlarla mübahisə etməyə sözümüz qalmır, çünki onlar dünya standartlarını, digər məsələləri əsas götürürlər. Bizə də daim deyirlər ki, bu hesablamalar axı minimumdur".


Yaşayış minimumu neçə manata qaldırılacağı ilə bağlı da danışan H. Rəcəbli qeyd edib ki, bu rəqəm ən aşağısı 200 manat ola bilər: "Mümkündür bundan da çox olsun. Nə üçün? Bu gün real bazar qiymətlərinin hesablanması və istehlak səbətinin standartları var. Yəni neçə kalori nə yeyilməlidir, nə geyilməlidir, digər məsrəflər  və s. Biz deyirik ki, gəlin bu standartdan da bir az kənara çıxaq, istehlak tələbatını bir az yüksək götürək, nə olar?"


Millət vəkili yenidən minimum əmək haqqı arta biləcəyini deyib: "Ehtimal var ki, artsın. Onu biz indi deyə bilmərik, gələn ilin fevralında deyiləcək. Lakin mən təminat verirəm onun da artım ehtimalı var. Yaşayış minimumu və minimum əmək haqqının artması ehtimalı var. Bugünkü büdcənin müzakirələri bir daha onu göstərir. Digər tərəfdən, büdcəyə daxil olan əlavə, real məbləğlər, gömrükdən, vergidən daxil olan vəsaitlər, Sosial Sığorta Fondunun özünün yığım imkanlarının artması... Görürsünüz, onlar son 5 ayda əlavə 350 milyon vəsait  toplamışdılar. Buna görə də biz onlar üçün dövlət büdcəsindən ayrılan dotasiyasını azaltdıq.  Düşünürəm ki, ilin sonunadək də bu artım yüksələcək, gələn il üçün də bu ehtimallar var. Əgər biz Sığorta Fondunu dotasiyadan azad etsək - biz ora 1,5 milyard əlavə pul veririk - hətta biz onları yarıbayarı bu vəsaitdən azad etsək, o vəsait yenə də adamlarımıza qayıdacaq".

www.anews.az
loading...