Dərmanların baha satılmasının qarşısı alınacaq

16:03 | 16.12.2014
Dərmanların baha satılmasının qarşısı alınacaq

Dərmanların baha satılmasının qarşısı alınacaq

Bu gün Milli Məclis "Dərman vasitələri haqqında” qanuna dəyişikliyi qəbul etdi. Dəyişikliyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq İcra Hakimiyyəti tərəfindən tənzimlənir.

Verilən məlumata görə, məqsəd dərmanların müxtəlif yerlərdə müxtəlif qiymətlərə satılmasının, həddən artıq baha satılmasının qarşısının alınmasıdır.

Millət vəkili Vahid Əhmədov isə hesab edir ki, bu dəyişikliklər dərmanların qiymətinə təsir etməyəcək, sadəcə, bu sahədəki müəyyən şəxslərin işinə yarayacaq: "Bu tənzimləmə dövlət qeydiyyatında olan dərmanlara yox, bütün dərmanlara aid olmalıdır. Demək,  qeydiyyatda olmadıqda, insanlara zəhər satmaq da olar? Mən bu yaxında şəhərin bir yerindən 12 manat verib dərman aldım. Başqa bir yerdə bu dərmanı mənə 24 manata təklif etdilər”.

V.Əhmədov qeyd edir ki, bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanların qiymətində yuxarı və aşağı hədlər təyin olunur: "Bilirik ki, Azərbaycanda dərman monopoliyadır. Onu gətirən xüsusi qruplar var ki, dərmanları baha qiymətə satırlar. Qanuna düzgün dəyişiklik olmalı və qiymətlər aşağı düşməlidir”.

Millət vəkili, "Avromed” şirkətinin rəhbəri Cavanşir Feyziyev bu sahədə monopoliya olması fikri ilə razılşamadı: "Azərbaycanda dərman preparatlarının qiymətinin qonşu ölkələrlə nisbətdə baha olması əslində inhisarçılıqla əlaqəli deyil.  Qəribə olsa da, burada rəqabət mühitinin çox geniş olması bazarda fəsad yaradır. Fikir verin, 100-dən çox şirkətin idxalçı lisenziyası var. Türkiyədə 10-a yaxın, Almaniyada cəmi 2 şirkətin belə lisenziyası var. Ölkəmizdə 350-dən çox şirkət dərman preparatlarının marketinqi ilə məşğul olur, 2 mindən çox aptek fəaliyyət göstərir. Eyni fəaliyyət sahəsində 2500-dən artıq hüquqi şəxs varsa, burada inhisarçılıqdan danışmaq yersizdir”. //bakupost.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM