“Dərs ilinin uzadılmasını normal qiymətləndirirəm. Çünki bu, bizim məktəblilərin yay tətil müddətini bir o qədər də qısaltmır. Konkret olaraq yenə də iki ay yarım məktəblilərin yay tətili qalır. Bu qərar heç şübhəsiz ki, dərslərin sentyabrın 15-də başlanmasının verdiyi fəsadlarla bağlıdır. Ancaq görünür ki, yenidən sentyabrın 1-ə qayıtmaq məsələsi gec mümkün olduğuna görə, yəqin ki, proqramın tam yerinə yetirilməsi üçün iki həftə müddətində dərslərin artırılması haqqında qərar verildi”.
Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
Qeyd edək ki, orta məktəblərdə tədris müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib. Növbəti tədris ilindən etibarən dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-ə qədər davam edəcək. Artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflərin toplandığı planı hökumətə təqdim edib.
Ekspertin sözlərinə görə, bu qərar şagirdlərin xeyirinədir: “Təhlillərimiz onu göstərir ki, orta təhsildə ən az dərs həftəsi Azərbaycanda tətbiq olunur. Bir çox ölkələrdə hətta bizim dərs müddətindən bir ay artıq, 15 gün, 20 gün çox dərs günü tətbiq olunur. Nəzərə alsaq ki, dərs ilinin sonunda da bütün orta məktəb şagirdlərinin dərslikləri geri alınır. Və dərsliklər geri alındığı üçün onların əlində keçdikləri sinfin materiallarını təkrarlamaq üçün heç bir vəsait qalmır. Artırılan 15 gün bu baxımdan da əhəmiyyətlidir. Həm də bizdə bir tədris ilinin müddətində olan bayramların sayı çox olduğu üçün dərs həftələrinin sayını xeyli azaldır. Buna görə də hesab edirəm ki, bu şəkildə dərs müddətinin uzadılmasının əhəmiyyəti var. Bunun şagirdlərə və müəllimlərə bir o qədər ziyanı yoxdur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !