Devid və Viktoriya cütlüyünün 15 yaşlı böyük oğlu Bruklin cib xərcini əldə etmək üçün ailəsinin Londondakı evinin yaxınlığındakı kafedə ofisiantlıq edir.
ANN.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, ailəsinin sərvəti 165 milyondan çox olan Bruklinin kafedə saatına 2.6 funt qazandığı ortaya çıxıb. İngiltərə qanunlarına görə, 18 yaşdan aşağı olan uşaqların gündə 7 saatdan çox işləməyə haqqı yoxdur.
Bruklindən başqa daha üç uşağı olan Devid və Viktoriya cütlüyü bir çox müsahibələrində bildiriblər ki, uşaqlarına pulun və ciddi işləməyin vacib olduğunu öyrətmək və onları ərköyün böyütməmək üçün əllərindən gələni edirlər.
Keçən il futbolçu karyerasını bitirən Bekhem müsahibəsində belə demişdi: "Viktoriyayla mən çox işləyərək uşaqlarımıza örnək olmaq istəyirik. Əlbəttə, həyatımız mərkəzində uşaqlarımız yer alır və iş həyatı onlardan sonra gəlir. Ancaq çox işləmək və uşaqlarımıza bunun vacibliyini çatdırmaq həqiqətən də çox önəmlidir".
ANN.Az