Milli Məclis "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər etməyi planlaşdırır. Bu qanunda əsas dəyişiklik Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrin hakimləri üçün isə 66 yaşı müəyyən etməyi və hakim vəzifəsinə ilk dəfə təyin olunma üçün qoyulan 5 illik müddəti 3 ilə qədər azaltmağı nəzərdə tutur.
ANN.Az-ın əməkdaşının suallarını cavablandıran hüquq müdafiəçisi Azər Əzizov bildirdi ki, "Onsuz da bu yaş 65-dir, zəruri hallarda isə 70-ə qədərdir. Yeni dəyişiklikdə göstərilən 66 və 68 yaşları isə adətən yuvarlaq rəqəmlərlə göstərilir. Bu dəyişikliyin edilməsi yəqin ki, məhkəmə hakimlərinin bəzilərinin (65-70) bu yaşda yaxşı işləməsi ilə əlaqədardır və bunun üçün də həmin şəxslərə görə yaş müddəti artırılır. Və yaxud da bu dəyişiklik fikrimcə, şəxsi maraq daşıyır. Yəqin kiminsə işindən narazıdırlar və işdən azad etmək üçün bu cür yaş senzi tətbiq edilir. Ola bilər ki, yuxarı instansiya məhkəmə sədrlərindən hansınınsa işindən narazıdılar və onu işdən azad etmək üçün yaş məsələsi gündəmə gətirirlər. Hakimlərin yaş müddətinin artırılmasının belə bir misalla izah etmək istərdim ki, necə olur ki, müəllimlik 65 yaşa qədərdir, hakimlik isə 70 yaşa qədər artırılır. Hər kəs bunu bilir ki hakimin işi müəllimin işindən daha ağırdır”.
Azərbaycanda qanunların çoxu şəxsi maraqlara görə uyğunlaşdırılır. Məsələn, vaxtilə avtomobil qəzasına görə həbsdə olan şəxslər adətən bütün amnistiyalara düşürdülər. Amnistiya ümumidir, əfvdə isə şəxslərin fərdi şəkildə adları göstərilir. Amma şəxsi maraqlara görə əfv etmə daha çox olur. Amnistiyada da fərqli qərarlar qəbul edirlər, məsələn, cəmiyyət üçün təhlükəli oğurluq, quldurluq edən şəxslər amnistiyaya düşürlər, amma ehtiyatsızlıqdan qəza törətmiş şəxləri salmırlar. Bax bu cür hallara görə qeyd edirəm ki, bəzən qanunlar xüsusiləşdirilir, ümumiləşdirilmir.
Vəkil Azər Əzizov hakimlərin vəzifəyə ilk dəfə təyin olunma üçün qoyulan müddətin azaldılması məsələsinə belə münasibət bildirdi ki, bu məsələ dövlət qulluğunda da belədir, yəni dövlət qulluqçuları işə başladıqları müddətdən 3 il sonra attestasiya keçirilir. Yəqin bu yeni dəyişikliyi də buna uyğunlaşdırırlar. Mən bu dəyişikliyi təqdirə layiq hesab edirəm. Hakimlər işə qəbul olmazdan əvvəl 8-9 mərhələ keçirlər. Bu çox yaxşıdır, həm hakimlərin peşəkarlıq səviyyəsini yoxlayırlar, həm də işi necə təşkil etməsinə fikir verirlər. Amma bəzən belə hallar da olur ki, çox yaxşı nəzəriyyəsi olan hakimliyə namizəd şəxs bu nəzəriyyəni praktikada işlədə bilmir, bu çox təəssüfləndirici haldır. Amma həqiqətən də yoxlamalar hakimləri işə götürdükdən sonra da davam etdirilir. Ədliyyə Nazirliyində bir neçə hakimin fəaliyyətinə xitam verilib. Doğurdan da bunu hamı bilirdi ki, bu hakimlər hakimliyə yaraşmayan mövqedədirlər və bunun nəticəsində onlar işdən azad olundular. Buna görə bu müddətin 3 ilə qədər endirilməsi çox müsbət addımdır.
Qeyd etmək istərdim ki, qanuna dəyişikliklərin edilməsi prezident aparatı səviyyəsində irəli sürülübsə,100 faiz bu qanun qəbul olunacaq. Çünki hakimləri prezident özü təyin edir. Yəni milli məclis prezidentə qarşı gəlməyəcək və bu qanun qəbul olunacaq. Çünki bu dəyişiklik vətəndaşlar üçün heç bir əhəmiyyət daşımır. Yəni dəyişikliyin qəbul olunub, olunmaması cəmiyyət üçün maraqlı deyil. Amma hakimlər üçün, hakim olmağa namizəd olanlar üçün bu dəyişiklik çox böyük əhəmiyyət daşıyacaq.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !