Dezinfeksiyaedici vasitələrdən istifadədə nələrə diqqət etməliyik?

21:00 | 28.12.2020
Dezinfeksiyaedici vasitələrdən istifadədə nələrə diqqət etməliyik?

Dezinfeksiyaedici vasitələrdən istifadədə nələrə diqqət etməliyik?

"Hər hansı bir yoluxucu xəstəlik hadisəsi barədə ərazilərin gigiyena və epidemiologiya mərkəzlərindən daxil olan məlumatlar (sifarişlər) əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Dezinfeksiya stansiyaları tərəfindən xəstəlik hadisəsi baş vermiş məkanlarda (evdə, iş yerində, kollektivdə və s.) tamamlayıcı dezinfeksiya aparılır, o şərtlə ki, yoluxucu xəstələr həmin məkanlardan xəstəxanalara köçürülmüş olsun”.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev dezinfeksiya tədbirləri barədə danışarkən deyib. O qeyd edib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Dezinfeksiya stansiyaları ("Bakı şəhər dezinfeksiya mərkəzi” PHŞ və onun bütün Bakı şəhərini əhatə edən 3 rayonlararası bölməsi, Gəncə, Sumqayıt, Mingəçevir, Cəlilabad və Masallı şəhərlərinin dezinfeksiya stansiyaları), digər şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin nəzdində fəaliyyət göstərən dezinfeksiya bölmələri, habelə təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbələri ölkəmizdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərini həyata keçirən əsas qurumlardır. 

V. Abdullayevin sözlərinə görə, xəstələrin aşkar edildiyi məkanlarda (evdə, olduğu yerdə və s.) təcrid olunduğu hallarda xəstəyə qulluq edən şəxslər, yaxud xəstələrin özləri (simptomsuz xəstələr) tərəfindən cari dezinfeksiya işləri aparılmalıdır. Bu hallarda xəstələrin olduqları ərazilər üzrə dezinfeksiya stansiyaları, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xəstələrə, xəstə yaxınlarına cari dezinfeksiya aparılması qaydaları barədə metodik köməklik göstərilməlidir. İstənilən idarə, müəssisə və təşkilat profilaktik məqsədlə yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr bağlaya bilərlər.




Learn more






Dezinfeksiya maddələrinin insan orqanizminə ziyanlarına gəlincə isə V. Abdullayev bildirib ki, dezinfeksiyaedici vasitədən istifadə edilərkən ilk növbədə həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl edilməsinin vacibdir: "Xəstələrin olduqları yerlərdən xəstəxanalara aparıldıqları bütün hallarda həyata keçirilən tamamlayıcı dezinfeksiya aparılan müddətdə və dezinfeksiya başa çatdırıldıqdan sonra dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilən müddət ərzində (bu müddət barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilməlidir) dezinfeksiya edilən qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı digər şəxslərin olmasına yol verilmir. Məqsəd, qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən insanların sağlamlığının mühafizəsinin təmin olunmasıdır”. 
V. Abdullayevin sözlərinə görə, xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddə məsələn xlor təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlandırılması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər.
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binalarının xəstələrin xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir. Şəxsi mənzillərdə və yaşayış binalarında yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə bağlanmış müqavilələr üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər. Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən "COVID-19” infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında ölkənin demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilib”.
Sadə vasitələrlə evdə dezinfeksiya işlərinə gəlincə isə, nazirlik rəsmisi qeyd edib ki, xəstələrin evdə qalması halında, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməli, ilk növbədə otaqda olan bütün əşyaların səthləri sabunlu yaxud yuyucu vasitəli su ilə təmizləndikdən sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır: ""COVID-19” infeksiyası törədicilərinə qarşı mübarizədə səthlərin cari dezinfeksiyasının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə natrium hipoxloritin 0,1 %-li məhlulundan və 70-90 %-li spirtdən istifadə edilməsi məqbul hesab olunur. Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə edilməsi məqsədəuyğundur. Cari dezinfeksiyanın aparılması zamanı maska və əlcəkdən istifadə olunmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM