Dezinformasiyaların sayı nə üçün çoxalıb? – AÇIQLAMALAR

17:50 | 18.11.2015
Dezinformasiyaların sayı nə üçün çoxalıb? – AÇIQLAMALAR

Dezinformasiyaların sayı nə üçün çoxalıb? – AÇIQLAMALAR

Bütün zamanlarda jurnalistikada dezinformasiya olur – amma bəzən bunun sayı azalır, bəzən də artır. Son günlər Azərbaycan cəmiyyətində də təsdiqini tapmayan, lakin müəyyən səs-səda yaradan xəbərlərin sayı çoxalıb. Bunun əsas səbəbi nədir? 

ANN.Az saytının əməkdaşı mövzunu ayrı-ayrı ekspertlərlə müzakirə edib. 



"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif  Əliyev təsdiqini tapmayan xəbərlərin mediada dərc olunmasını arzuolunmaz an kimi qiymətləndirib: "Dezinformasiyanın verilməsi təxribatların, propaqandaların yayılmasını daha da genişləndirir. Bu kimi xəbərlər hər hansı bir hadisə baş verdikdə zəncirvari hal almağa başlayır, günü-gündən sayları daha da artmağa başlayır”. 

Media eksperti hər hansı nazirin dəyişib-dəyişməməsinin bilavəsitə cəmiyyətə heç bir aiddiyyatı olmadığını deyib: "Hətta sorğu keçirsəniz, bəlkə çoxları dəyişilən nazirin adını belə bilməyəcəklər. Amma bu dezinformasiyalar insanlara psixoloji təsir göstərir və onlar bu xəbərlərlə daha çox maraqlanmağa başlayırlar”. 

Belə informasiyaların qarşısını almaq məsələsinə gəlincə, A.Əliyev dezinformasiyaların qarşısına hər hansı bir səddin çəkilməsini mümkünsüz sayıb: "Yalan xəbərlər, şayiələr ordu deyil ki, qarşısına sədd qoyasan. Dezinformasiyanı müşayiət etmək və onu mövcud stiuasiyada dəyişmək lazımdır. Şayiələrin yayılmasının qarşısını cəmiyyətə düzgün və bol informasiya verməklə almaq olar. Jurnalistlər üçün, eləcə də informasiya almaq istəyən cəmiyyət üzvləri üçün lazımı şərait yaradılmalıdır ki, dezinformasiya xəbərlər yayılmasın”. 

Birlik sədri qeyd edir ki, dezinformasiyaların yayılmasının digər səbəbi bəzi KİV-lərin qabağa düşmək istəməsi cəhdi və daha tez informasiya verməsi ilə bağlıdır: "Əsas səbəb KİV-lərin informasiya çatışmazlığından qaynaqlanır və onlar da sensasiya yaratmaq istəyi ilə çıxış edirlər. Amma bəzən informasiya hesab edilən xəbərlər, yəni bahalaşma olanda, iqtisadi cəhətdən hansısa tədbirlər görüləndə cəmiyyətə informasiya vermək adı ilə belə məlumatlar (dezinformasiyalar) ötürülür və o virus ("dezinformasiya” jurnalistika aləmində "virus” adlanır ) gələcəkdə qəbul olunacaq reaksiyanı müəyyənləşdirməyə kömək edir”.

Arif Əliyev onu da əlavə edib ki, Azərbaycanda dezinformasiyaların çox güclü şəkildə inkişaf etməməsinə şükür eləmək lazımdır: "Biz müharibə şəraitindəyik və hər hansı dezinformasiya düşmənə daha vacib məlumatın ötürülməsi ilə nəticələnə bilər. Tarix boyu dünya ölkələrində dezinformasiylar olub. Amma bizdə o qədər də yüklü məlumatlar haqqında dezinformasiyalar  geniş yayılmayıb”. 



Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də dezinformasiyaların yayılmasını jurnalistika üçün çox ciddi nöqsan hesab edib: "Çünki jurnalist xəbər hazırlayanda faktlara əsaslanmalıdır, hər hansı insanın dediyi sözə yox.  Həmin faktlar da mənbələrdə öz təsdiqini tapmalıdır. Bundan sonra həmin məlumat cəmiyyətə ötürülə bilər. Amma çox əfsuslar olsun ki, ölkəmizdə informasiya almaqda çox böyük çətinliklər var. Çünki informasiyanı verməli olan adamlar, qurumlar bu informasiyanı jurnalistlərə vermirlər. Digər səbəb isə mediamızda jurnalistlərin peşəkarlığı çox aşağıdır. İnformasiyanı almağın üsulları var. Onlarda bu üsulları bilmədiklərinə görə, daha doğrusu,  bu sahədə onların peşəkarlıq təcrübəsi az olduğundan informasiyanı dəqiqləşdirib onu daha çox genişləndirə bilmirlər. Nəticədə isə faktlara söykənməyən yazılar meydana çıxır ki, bu da sonda dezinformasiya yaradır. Dezinformasiyanın yaranmasında əsas səbəb jurnalistlərin faktlar əsasında işləməsidir. Nəticədə onların sayı o qədər artır ki, artıq cəmiyyətin ümumilikdə mətbuata inamı azalır”. 

Daha sonra Yadigar Məmmədli son dövrlər sayı artan xəbər saytlarını tənqid edib: "Yağışdan sonra göbələk kimi sayı artan  "xəbər saytları” daha çox dezinformasiya yaymaqla məşğuldurlar.  Xəbər portalı yaradan şəxs düşünməlidir ki, o artıq ciddi bir qurum yaradır və özlərində məhsuliyyət hiss etməlidirlər. Amma onların bir çoxları bu şərtlər əməl etmirlər. Nəticə isə göz qarşısındadır”. 

Qurum rəhbəri vurğulayıb ki, ümumiyyətlə, informasiyaların verilməsinə qadağa qoyula bilməz: "Bu, bütün dünyada da belədir. Mətbuat həmişə azad və müstəqil olmalıdır. Amma bu o demək deyil ki, dezinformasiya yayılmalıdır. Yox, jurnalist həmişə jurnalistika qaydalarına, xəbər yazmaq qaydasına əməl etməlidir. İstənilən bir xəbərin qarşısına embarqo qoyulsa, artıq həmin media qurumu xəbər bazarına çıxa bilməyəcək və bu da onun tanınmasının qarşısı alan səbələrdən biri olacaq”. 

Yalan xəbərlərin qarşısının alınmasında cəmiyyətin də daha aktiv olmasını məsləhət görən Yadigar Məmmədli yaxşını pisdən seçməyi vacib sayır: "Cəmiyyət yaxşıları qiymətləndirərsə, pislərə qarşı çıxarsa, onları qınaq obyektinə çevirərsə, belə deziformasiya yayan KİV-lər cəmiyyət içərisində özlərinə yer tapmayıb, yox olacaqlar”.



Mətbuat Şurasının sədri Əflatun Amaşov da müasir dövrdə müxtəlif KİV-lərin dezinformasiyalardan istifadə etdiyini deyib: "Amma bilərəkdən yanlış informasiyanın verilməsi, yəni müharibə dövründə düşməni çaşdırmaq üçün müəyyən informasiyalar da yayılır. Bunun da əsas məqsədi düşmənin planlarını alt- üst etməkdir. Bu iki cür xəbəri bir-biri ilə qarışdırmaq olmaz”. 

Şura sədrinin sözlərinə görə , dezinformasiyaların yayılmasına misal olaraq keçən il cəbhədə baş verən hadisələrin işıqlandırılmasını nümunə çəkmək mümkündür: "Həmin informasiyaların əksəriyyəti dezinformasiya idi. Heç bir mənbəyi olmadan məlumatlar verilirdi. Hesab etmirəm ki, bunlar düşünülmüş informasiyalar olsun. Həmin informasiyalar xarici mətbuatdan götürülərək Azərbaycan ictimaiyyətinə çatdırılırdı.  Bu, çox böyük bir səhv idi. Bunun da geniş miqyaslı fəsadları ola bilərdi. Buna görə də təcili olaraq əks-səda doğurdu. Mətbuat Şurası mütəmadi olaraq keçirdiyi monitorinqdə bu fəsadları göstərirdi.  Müvafiq qurumlar da bununla bağlı tədbirlər həyata keçirdir. Onu da qedy edim ki, dövlət başçısı bu sahədə baş verən problemlərin həlli ilə əlaqədar ayrı-ayrı qurumlara - Prezident Administryasiyasına, Müdafiə Nazirliyinə, Nazirlər Kabinetinə, Mətbuat Şurasına göstərişlər də  verib”.

Şura sədri hazırda da dezinformasiyaların yayıldığını qeyd edib: "Bunlarında əsas səbəbi həmin jurnalistlərin hər hansı bir xəbərlə təxribat yaratmaq məqsədi ola bilər.” 
 
Əflatun Amaşov sonda dünyanın ən aparıcı informasiya agentliklərin də dezinformasiyalardan istifadə etdiyini deyib: "Əsasən də müharibə və ekstremal şəraitdə dezinformasiyalardan daha geniş istifadə olunur. Bu cür şəraitdə hər bir ölkə öz xeyirinə olan dezinformasiyalara əl atır. Müəyyən məqsədli şəkildə dezinformasiyalar var və həmişə də olacaq. Ölkədə baş verən hər hansı hadisə ilə bağlı mənbəyi məlum olmayan informasiyalar jurnalistlərə verilir və onlarda bu xəbərləri cəmiyyətə ötürürlər. Amma belə xəbərlərin yayılması yolverilməzdir. Peşəkar jurnalistlər bu cür hallara yol verməməlidir, ən azından jurnalistika qaydalarına əməl etməlidirlər”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb