Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama

17:32 | 14.10.2014
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama

 Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan hökuməti erməni girovluğunda olan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir.Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Hökumətdən bildirilib ki, hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və qeyri-insani rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədilə baş nazirin müavini Əli Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Piter Maurerə, BMT-nin baş katibi Ban Ki Muna, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Qutyerresə, BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Zeid Raad əl Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb. Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə köməklik göstərməyə çağırılır. BMT baş katibinə ünvanlanmış müraciətdə D. Əsgərovun, Ş. Quliyevin girov götürülməsi, Həsən Həsənovun isə ermənilər tərəfindən qətlə yetirilməsinin təfərrüatları xatırladılıb. H. Həsənovun cəsədinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfdən alındığı qeyd olunub. Müraciətdə Ermənistanda saxlanılan şəxslərin məsələsinin siyasiləşdirilmədən humanitar prinsiplər əsasında tezliklə öz həllini tapmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, açıq şəkildə beynəlxalq humanitar hüququn prinsiplərindən irəli gələn öhdəliklərini kobudcasına pozan Ermənistan, sözügedən mülki şəxslərin Azərbaycana qaytarılmasından imtina edir: “Hesab edirik ki, BMT-nin mülki vətəndaşların Azərbaycana qaytarılmasına köməklik göstərməsi üçün mandatına, beynəlxalq humanitar hüququn və insan haqlarının tələblərinə uyğun olaraq geniş imkanları mövcuddur. Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin bu məsələnin həll edilməsi üçün göstərdiyi səylərə hörmətlə yanaşır və komitənin Azərbaycandakı nümayəndəliyi ilə müntəzəm təmasdadır. Lakin Ermənistan hökumətinin tutduğu destruktiv mövqe və 1949-cu il Cenevrə Konvensiyaları və BMT-in İnsan Hüquqları üzrə Konvensiyası əsasında üzərinə düşən imperativ xarakterli öhdəliklərin icrasından boyun qaçırması Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə səylərimizin nəticəsiz qalmasına səbəb olur. Yuxarıda qeyd edilənləri və Birləşmiş Millətlər Təşkilatının mandatının əsas məqsədlərindən birinin humanitar hüququn və insan haqlarının təşviq olunması və ona riayətin təmin edilməsi olduğunu nəzərə alaraq,  Azərbaycan tərəfi yaranmış problemin həll edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının nüfuzundan istifadə edərək Ermənistan hökumətinə öz öhdəliklərini yerinə yetirməsi üçün təsir etməyə çağırır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb