Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulun müsabiqə mərhələsi üzrə müsahibə elan edib.
AzVision.az-ın xəbərinə görə, inzibati rəhbər vəzifələr (A növü) üzrə 198 vakant vəzifə Səhiyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer), Kənd Təsərrüfatı Nazirliyi (171 vəzifə üzrə 171 yer), Təhsil Nazirliyi (1 vəzifə üzrə 1 yer), Mədəniyyət və Turizm Nazirliyi (10 vəzifə üzrə 10 yer), Energetika Nazirliyi (1 vəzifə üzrə 1 yer), Gənclər və İdman Nazirliyi (2 vəzifə üzrə 2 yer), Əmlak Məsələləri Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (4 vəzifə üzrə 4 yer), Dövlət Statistika Komitəsi (1 vəzifə üzrə 1 yer) və Dövlət Mülki Aviasiya Administrasiyası (4 vəzifə üzrə 4 yer) tərəfindən dövlət qulluğuna qəbulun müsabiqə mərhələsi üzrə müsahibəyə təqdim olunub.
Vakant vəzifələr arasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsi, şöbə müdiri (1 yer), Sumqayıt, Xaçmaz, Şəki, Gəncə, Bərdə, Masallı və Lənkəran Regional Mədəniyyət və Turizm İdarələri, rəis müavinləri (hər birində ayrılıqda 1 yer), Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi, Enerji müfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı regional bölməsi, bölmə rəisinin müavini (1 yer), Göyçay və Qobustan rayon Gənclər və İdman İdarələri, idman sahəsi üzrə rəis müavinləri (hər birində ayrılıqda 1 yer), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı, Sumqayıt, Ucar və İmişli bölgələri üzrə şöbələri, şöbə müdiri (hər birində ayrılıqda 1 yer) və Dövlət Mülki Aviasiya Administrasiyasının Uçuşların təhlükəsizliyinə nəzarət şöbəsi, şöbə müdiri (1 yer) yer alıb.
Müsahibədə test imtahanından keçmiş və DİM tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 26 dekabrdan 24 yanvaradək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !