Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mayın 14-də bir qrup ictimai fəalların,jurnalistlərin aksiya keçirməsi ilə bağlı paylaşdığı mövqeyi qərəzli adlandırıb. Səfirliyin yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırıb.
"Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır. May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloqer və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır",- səfirliyin yaydığı bəyanatda bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirmişdir. Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.
"Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfndən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk. Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq. Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcəkdir", - nazirliyin bəyanatında qeyd olunub.
Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.
Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz ediblər.
Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.
Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz ediblər.
Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !