DİN-ə etiraz edən fəal həbs edilib

15:20 | 15.10.2024
DİN-ə etiraz edən fəal həbs edilib

DİN-ə etiraz edən fəal həbs edilib

Ölkədən çıxışına qoyulmuş qanunsuz qadağanın ləğv edilməsini tələb edən ictimai fəal Nicat İbrahim həbs edilib. Ona qarşı CM-in 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, sentyabrın 9-da Nəsimi Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib. 

İbrahim 2021-ci ildə artıq cinayət məsuliyyətinə cəlb edilmişdi. O, Prezident Administrasiyası qarşısında təkbaşına piket keçirməyə çalışdıqdan sonra karantin rejimini pozmaq ittihamı ilə 15 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Oktyabrın 5-dən etibarən İbrahim İstintaq Təcridxanasında aclıq edir. Vəkil xatırladıb ki, İbrahim sentyabrın 6-da Bakı Hava Limanından Moldova reysinə buraxılmayıb. Sərhəd keçid məntəqəsində ona bildiriblər ki, DİN ölkədən çıxışına qadağa qoyub. Bu zaman onun həyat yoldaşını və iki azyaşlı uşağını buraxıblar və onlar Kişinyova gediblər.

Vəkil deyib ki, əslində Səbail Rayon Məhkəməsinin qərarı ilə İbrahimə tətbiq olunan "stop" ləğv edilib. Buna görə İbrahim həbsinin əsassız olduğunu bildirib. O, DİN-in "102" xidmətinə zəng edib və ölkədən 


çıxışına qoyulmuş qanunsuz qadağadan şikayət edib. Fəal xəbərdarlıq edib ki, qadağa ləğv edilməsə, o, DİN-in binası qarşısında özünü yandıracaq. 

Bundan sonra sentyabrın 9-da YDM-də naməlum şəxs ona hücum edib və onu yerə yıxıb. Bundan dərhal sonra polislər onun gözünü bağlayaraq saxlayıblar. 
Daha sonra İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimklan tədbiri seçib.
Həbsdən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi İbrahimin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Müdafiə tərəfi apellyasiya şikayəti verib, şikayət təmin edilməsə vəkil Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcək.

İbrahimi 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. DİN-dən şərh almaq mümkün olmayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM