2018-ci ildən etibarən bütün rəsmi din xadimlərinə dövlət tərəfindən məvacib ödəniləcək.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan başqa, qeydiyyatdan keçən dini kolleclər mərhələli şəkildə fəaliyyətə başlayacaq və təhsil pulsuz olacaq:
"Bakı İslam Universitetində də təhsil mərhələli şəkildə pulsuz olmalıdır. Hazırda bu istiqamətdə işlər görülür. Əgər bu gün Bakı İslam Universiteti ödənişlidirsə, bu, universitetin işi deyil. Bu məsələni həll etmək yalnız komitənin, Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universitetinin tam səlahiyyətində deyil. Əgər biz dini təhsilin ideoloji, ictimai təhlükəsizlik üçün əsas olduğunu deyiriksə, dini təhsillə bağlı vəziyyət mütləq dəyişməlidir. Azərbaycan dini təhsilin ödənişli olduğu nadir ölkələrdən biridir. Dini təhsil ödənişli olmamalıdır. Dövlət bu sahəni prioritet hesab edirsə, dini təhsilin ödənişli olması aradan qaldırılmalı, dini təhsilin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".
G.İsmayılov bildirib ki, dini təhsil alan şəxslər təyinat almalıdırlar. Təyinatdan sonra din xadimi kimi fəaliyyət göstərən şəxs məvacib almalıdır: "Biz bunlara nail olduqdan sonra ölkədə dini təhsilin səviyyəsini qaldıra bilərik. Biz bunları etməsək, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə, Bakı İslam Universitetinə gələn əksər tələbələrin intellektual səviyyəsi bizi qane etməyəcək".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !