Xəbər verdiyimiz kimi, bu gün Respublika Narkoloji Dispanserində güclü yanğın baş verib. Dəhşətli yanğında 24 nəfərin öldüyü barədə rəsmi məlumat yayılıb.
"Qafqazinfo” bu məqamda mərkəzlə bağlı bəzi məlumatlar öyrənib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin balansında olan mərkəz 1986-cı ildə yaradılıb. Dispanserin rəhbəri Telman Məmmədhəsənovdur.
Ötən ilə olan məlumata əsasən respublika üzrə 31.12.2016-cı il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı - 29448 nəfər təşkil edib.
O cümlədən, opioidlərin qəbulu nəticəsində - 20576 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8872 nəfər qeydiyyatda olub. Mərkəzin qeydiyyatında 24056 nəfər, profilaktik qeydiyyatda isə 5392 nəfər olub. Qeydiyyatda olan narkomanların arasında qadınların ümumi sayı 612 nəfər təşkil edir. Toksikomanların ümumi sayı isə 183 nəfərdir.
2017-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2017-ci ilin 6 ayı ərzində ekspertizadan cəmi 1089 nəfər keçib. Onlardan 657 nəfərə məcburi müalicə təyin olunub.
2017-ci ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində 1650 nəfər müalicə alıb. Onlardan 613 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1028 nəfəri "Opioidlərin qəbulunəticəsində psixi və davranış pozuntuları” (F11), 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzi üçün 300 çarpayılıq müasir standartlara cavab verən yeni bina inşa olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !